İtaliyalı alim: “Zəlzələ nəticəsində Türkiyə cənub-qərbə doğru “sürüşüb”

Türkiyənin cənubunda baş verən zəlzələ geoloji sürüşməyə səbəb olub ki, nəticədə litosfer plitələri üç metr məsafədə yerini dəyişib”.

Bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dayloni bildirib.

“Ərəbistan plitəsi Anadolu plitəsinə nisbətən şimal-şərq-cənub-qərb istiqamətində təxminən üç metr məsafədə sürüşüb. Burada söhbət Ərəbistan və Anadolu plitələri arasındakı sərhəd zonasında yerləşən strukturdan gedir”, - deyə ekspert “Corriere della Sera” qəzetinə müsahibəsində qeyd edib.

Alimin sözlərinə görə, bu “sanki Türkiyənin cənub-qərbə doğru sürüşməsinə bənzəyir”.

Dayloni bildirib ki, parçalanmanın ümumi ölçüsü ən azı 150 kilometr olub.

“Hər şey bir neçə saniyə ərzində baş verib”, - deyə o vurğulayıb.