“Hələ "sarıjiletlilər”in aksiyasında polis bir nəfərin gözünü çıxartmışdı”
“Amma heç bir beynəlxalq təşkilat reaksiya vermədi”
Fransada pensiya islahatına qarşı çıxanların etiraz aksiyaları davam edir. Fransa Baş naziri Elizabet Borne pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsinin səsvermə yolu ilə qəbul edilməsinə qərar verib. Bundan sonra islahat əleyhdarları Paris küçələrinə axışıblar.
İslahat əleyhinə olan minlərlə insan Parisdə Milli Assambleyaya yaxın Konkord meydanında toplaşıb. Polislə nümayişçilər arasında gərgin anlar yaşanıb, polisin meydandan uzaqlaşdırdığı nümayişçilər ara küçələrə dağılışıblar.
Nümayişçilər Paris küçələrində təmizlik işçilərinin tətili nəticəsində günlərdir yığılan zibilləri yandırıblar. Eyni zamanda bəzi avtomobillərə və ictimai əmlaka da ziyan vurublar.
Etiraz aksiyaları zamanı 20-dən çox insan saxlanılıb.
Yerli medianın məlumatına görə, həmçinin Nant, Lion və Renn kimi müxtəlif şəhərlərdə də küçələrdə etiraz nümayişləri keçirilib.
Hadisəyə münasibət bildirən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Fransa Avropanın inqilablar ölkəsi hesab edilir:
"Ümumiyyətlə, fransızlar respublikaçılıq ideasını Avropaya gətirən ilk xalq olub. Onlarda Şarl de Qollun dövründən həmkarlar ittifaqı partiyalardan belə daha güclüdür. Onlar ölkə boyunca 10 minlərlə insanı küçələrə yığa bilirlər. Qanunun isə etirazla qarşılanacağı bəlli idi və bunun xəbərdarlığı da olmuşdu".
Analitikin sözlərinə görə Avropada polislər insanlara çox sərt yanaşır:
"Hətta Amerikada polisə atəş açmaq icazəsi belə verilib. Buna görə də belə aksiyalar da polislər əhaliyə qarşı çox sərt davranır. Sual yaranır ki, belə bir hadisə Türkiyədə olanda niyə bütün beynəlxalq təşkilatlar hay-küy salır, amma Fransada baş verdikdə susurlar?
Bu Qərbin Şərq qarşısında İnformasiya üstünlüyüdür. Yəni Şərqdə belə bir hadisə olan kimi bölgədə terrorizm və özbaşınalıq olduğunu dünyaya göstərməyə çalışır, Qərbdəki məsələləri isə ört basdır edirlər. Polisin zorakılığına gəldikdə isə bu ilk deyil.
Hələ "sarıjiletlilər”in aksiyasında polis bir nəfərin gözünü çıxartmışdı. Amma heç bir beynəlxalq təşkilat reaksiya vermədi. Bu isə onların ikili standartlarından və ədalətsiz yanaşmasından irəli gəlir".