Zəlzələdən 53 gün keçir, həyat yoldaşı və onun anasından hələ də xəbər yoxdur

  
  Qardaş Türkiyədəki dəhşətli zəlzələnin bais olduğu faciəvi həyat hekayələri hələ də davam edir. Hatayın Antakya bölgəsində çökmüş “Renessans” binasının dağıntıları altından Milli Həndbol (kişilər) komandası və Çimərlik Milli Komandasının kapitanı Cemal Kütahya ilə 5 yaşlı oğlu Çinarın cənazələri çıxarılmışdı. 

“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, milli komanda kapitanın 4 aylıq hamilə həyat yoldaşı Pelin Kütahya və onun anası Nurten Mutlunun cəsədləri isə hələ də tapılmayıb. Zəlzələdən 53 gün keçsə də, onların nə ölüsü, nə dirisindən bir xəbər var. Xəbərə görə, Hatayda itkinlərin axtarışları davam edir. Hatayın Antakya bölgəsində yerlə bir olan “Renessans” yaşayış binasının dağıntılarında da axtarışlar aparılır.  Cemal Kütahya ilə oğlu Çinarın cansız bədənləri zəlzələnin 8-ci günündə dağıntılar altından çıxarılıb. Həyat yoldaşı və onun anasından isə hələ də heç bir xəbər yoxdur. C.Kütahyanın bacısı Gözdə Kütahya DHA-ya bildirib ki, qardaşı və qardaşı oğlu dəfn edildi. Lakin Pelin və anasının cəsədləri hələ də tapılmayıb: “Nə edəcəyimizi bilmirik. Xəstəxanalara baş çəkmişik. DNA nümunəsi təqdim edilib. İtkin elanı da verilib. Ağlım çaşır artıq. Necə olur ki, Cemal və Çinarın cansız bədənləri çıxarılır, onlarınkı isə tapılmır?!. Sanki yer yarılıb, içinə giriblər”. Pelin Kütahyanın qaynı Sərdar İldırım zəlzələdən sonra Hataya getdiyini belə anladıb: “Zəlzələ bölgəsinə gəldim, “Renessans” binası böyrü üstə çökmüşdü. Ardınca 2-ci blokda yanğın başladı. Mənzilləri qaz balonları ilə isidirmişlər. Partlayışlar 2-3 gün davam etdi, yanğın artdı. Yanğınlara ilk günlər heç bir müdaxilə edilmədi. Çox sayda cansız bədənlər çıxarıldı. 8-ci gündə Cemalla Çinarın cansız bədənləri çıxarıldı. Onlar beton plitələrin altında qaldıqları üçün bədənləri yanmamışdı. Pelinlə anasının cəsədləri isə hələ də tapılmayıb. Baxmadığımız yer qalmayıb. Bizim kimi doğmasını, qohumunu hələ də tapa bilməyənlər çoxdur. Çarəsiz qalmışıq. Bundan sonra nə edəcəyik, bilmirik. İtkinlərin axtarışına qoşulan qruplar var. İnsanlar övladlarını, yaxınlarını gözləyir”.