20 il keçdi  - Amma o, 9 aylıq körpə olaraq qaldı 

  Bu, tibb tarixində “Brooke Greenberg hadisəsi” adlanır. Körpə anadan normal halda doğulur. Heç bir qəribəlik, anormallıq gözə çarpmır. 9 aylıq qızcığaz həkimə aparıldığında ailəsi şoka düşür. Həkimlər körpənin nadir rastlanan xəstəliyə tutulduğunu söyləyir. Xəstəliyin səbəbini bilməyən həkimlər onu sadəcə “X Sindromu” adlandırırlar. Bu, yaşlanma sindromudur. İnsan zahirən kiçik yaşlı, uşaq kimi görünür, daxildən isə sürətli qocalma prosesi gedir. Körpə Brooke də bu sindroma tutulub. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən körpə ikən yaşlanan Brookenin qəmli taleyini oxucuya təqdim edir. 

Sayt qeyd edir ki, körpə ABŞ-nin nüfuzlu tibb mərkəzlərindən bəziləri tərəfindən müayinə edilib, lakin müalicə üsulu tapılmayıb. Körpədə inkişaf dayandığı üçün mədəsində və böyrəklərdə problemlər başlayıb. Greenberglə bağlı araşdırma aparan South Florida Universitetinin Tibb Fakültəsindən doktor  Ricard Valker onun barəsində  "vücudunun müxtəlif bölümləri fərqli inkişaf mərhələsindədir, bir-biriylə  əlaqəli deyillər”, söyləyib. Genetika mütəxəssisi olan başqa bir həkim isə körpənin endokrin sistemində anormallıq olmadığını deyib. İllər keçib, saysız-hesabsız həkimlər tərəfindən müayinə olunan körpə elə körpə olaraq da qalıb. 15 il keçib, amma körpə 9 ay əvvəl necə idisə, eləcə də qalıb. Ailənin Brookedən sonra daha 2 qız övladı dünyaya gəlib. Lakin onların hər ikisi normal olub. Hər iki bacı böyük bacıları Brookeyə “böyük bacı” kimi yanaşıblar, baxmayaraq ki, o, bacılarından olduqca kiçik görünürdü.  Brooke kiçik qala-qala yaşlandıqca tibb mütəxəssisləri də araşdırmalarını davam etdirib. Körpə televiziya proqramlarının dəfələrlə qonağı olub. Bəzi mütəxəssislər bu nəticəyə gəlib ki, körpədə böyümə və inkişaf genləri mutasiyaya uğrayıb. Bu, hormonlardakı anormallıqla bağlı ola bilər. Körpənin vəziyyəti insan orqanizminin yaşlanması ilə bağlı da bir çox versiyaların ortaya atılamsına səbəb olub. Tibb mütəxəssisləri hesab edir ki, əgər körpənin inkişafdan geriqalma səbəbi tapılsa, insanın yaşlanmasına da çarə tapılar. Lakin körpə tibb elminə “heç bir töhfə” verə bilmədən 20 yaşında – 9 aylıq körpə kimi dünyadan köçüb.