Ötən bazar Türkiyənin Aksaray bölgəsində anasının qucağından sel sularına qarışan 3 aylıq Asel Balcanın axtarışları 5-cü gündür davam edir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, 250 nəfərdən ibarət qrup və 6 it Aselin tapılması üçün var gücü ilə çalışır.
Ötən bazar günü Sevinçli kəndi və kənd yaxınlığındakı Kirəçlik məhəlləsində yağan güclü leysandan sonra daşqın baş verib. Yolun ikiyə ayrıldığı bölgədə su basan avtomobilin birində olan iki uşaq anası Gülseren En (53) həyatını itirib, əri Çapan En və digər avtomobildə olan 13 nəfər isə bölgəyə sövq edilən qruplar tərəfindən xilas edilib. Sağ qalan Nazif Balcanın (25) və həyat yoldaşı Hayriye Balcanın (25) 3 aylıq körpəsi Asel anasının qucağından sürüşərək dərəyə düşüb. Körpənin axtarışları hələlik heç bir nəticə verməyib.
Başda AFAD, jandarma, polis, xilasetmə və qeyri-hökumət təşkilatlarından ibarət təxminən 250 nəfərlik qrup tərəfindən 4-cü gündür Asel Balcanın axtarışları davam edir. Melendiz çayı və ətraf ərazilərdə 6 təlim keçmiş itlə axtarış işləri aparılır. Axtarışa Aselin əmisi Enver Balcan və digər yaxınları da qatılıb.
Bu arada Hayriye Balcanın xilas edildikdən sonra çəkilmiş fotoşəkili ortaya çıxıb. Paltarı palçıq içində olan Balcanın yanındakı qadını qucaqlayaraq göz yaşı tökdüyü görünür. Selin ilk anlarının da mobil telefon kamerası ilə lentə alındığı müəyyən edilib.
Turan