Qarşısına çıxan hər kəsi öldürdü: Professor məktəbə basqın edib

ABŞ-da universitetə basqın edən və qətliam törədən şəxsin keçmiş professor olduğu üzə çıxıb. Ölkəni silkələyən hadisənin təfərrüatları dünya mediasında böyük səs-küy yaradıb.

Sherg.az BBC-yə istinadən xəbər verir ki, ABŞ polisi dünən Nevada Universitetinin (UNLV) Las-Veqas şəhərciyində atışma nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb. Polis qrupları qarşıdurma zamanı adı açıqlanmayan şübhəlini vuraraq öldürüb. Daha bir nəfərin vəziyyətinin ağır olduğu və yerli xəstəxanada müalicə olunduğu bildirilib. Amerikanın CBS televiziyasına danışan hüquq-mühafizə orqanları səlahiyyətliləri silahlının "60 yaşlarında ağ dərili  keçmiş müəllim" olduğunu açıqlayıb. İki mənbənin verdiyi məlumata görə, şübhəli şəxs əvvəllər Corciya və Şimali Karolina ştatlarında professor-müəllim kimi çalışıb.


Universitet ilk dəfə yerli vaxtla saat 11:53 radələrində Tvitter hesabında kampusda atəş açıldığı barədə polisin xəbərinə cavab verdiyini yazıb.
Təxminən 20 dəqiqə sonra universitet şəhərcik polisinin Tələbə İttifaqının binası yaxınlığında eşidilən silah səsləri ilə bağlı xəbər yayıb. Universitetin polis rəisi Adam Qarsiya bildirib ki, kampusda növbətçi olan iki zabit şübhəlini vurub, öldürməzdən əvvəl açılan atəş nəticəsində yaralanıb.
ABŞ prezidenti Co Bayden hücumla bağlı verdiyi açıqlamasında, Las-Veqasdakı Nevada Universiteti dəhşətli silahlı zorakılıq aktı ilə terrora məruz qalan ən son universitet şəhərciyi olduğunu söyləyib.
Həyat yoldaşı Jill Bayden ilə birlikdə hücumda həyatını itirənlər üçün dua etdiyini ifadə edən Bayden qeyd edib: “Təkcə bu il 600-dən çox kütləvi atışma və silahlı zorakılıq aktları nəticəsində millətimiz təxminən 40 min ölüm yaşadı. Bu normal deyil. Biz heç vaxt bunun normal olmasına icazə verə bilmərik. Prezident olduğumdan bəri atdığımız bütün addımlara baxmayaraq, qarşılaşdığımız silah zorakılığı epidemiyası bizdən daha ciddi addımlar atmağı tələb edir. Lakin biz Konqressiz daha çox şey edə bilmərik”. 

Bayden silahlı zorakılığı dayandırmaq üçün atılmalı olan addımlar mövzusunda Konqresdə cümhuriyyətçi millət vəkilləri ilə demokratların birləşməli olduğunu vurğulayıb.