Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir. Lent.az sözügedən hadisənin bəzi təfərrüatını əldə edib. Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb. Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Bədbəxt hadisə ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, bu kimi hadisələrin tez-tez baş verməsi dəhşətdir:
"Günümüzdə cəmiyyət arasında aqressiya çoxalıb. Bunu ailə daxili şiddət və cinayyət hadisələrində də görürük. Aqressiyanın belə dərəcədə artmasının bir çox səbəbləri var. Bunlar iqtisadi, psixoloji vəziyyətlər, insanların empati bacarığının aşağı düşməsi, dinləyib-anlamamaq bacarığı, mən eqosu, şizofreniyanın geniş miqyasda yayılması və xəstənin müalicədən imtina etməsidir. Hadisəni törədən şəxsi psixo analiz etmək lazımdır. Bir insan öz övladına necə qıya bilər? Çox ehtimal ki, atada müəyyən psixi problemlər olub. Çünki biri nə qədər aqressiv olsa da, bu hərəkəti törədə bilməz. Xəbərdən göründüyü kimi həmin şəxs hadisəni planlı şəkildə edib. Bu da onun psixoloji xəstə olduğundan xəbər verir".