Azyaşlıya qarşı zorakılıq: Bu nəinki, ilahiyyatçıya ümumiyyətlə, insanlığa sığmayan davranışdır -RƏY

İlahiyyatçı hacı Salman Kamiloğlu saxlanılıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

Hadisə ilə bağlı fikirlərini "Sherg.az"a bölüşən sosioloq Lalə Mehralı bildirib ki, ilahiyyatçı kimi tanınan həmin şəxsin bu əməli cəmiyyətdə şok effekti yaradacaq bir hadisədir:

''Çünki insanlar ilahiyyatçıları əməllərinə və Allaha sevgilərinə görə, gözlərində böyüdürlər. Bu səbəblə də onların belə pis hadisələrdə adları çəkilən zaman camaat sarsılır. Onlar nəinki, cinayyətlərdə əlləri olduqda, adi səhv etdikdə belə qəbul olunmur. Əgər birisi öyrədən funksiyasını yerinə yetirirsə, hər addımına diqqət etməlidir. Tanınmış şəxslərin kiçik səhvləri rezonansa səbəb olur. Çünki onların cəmiyyətdəki rolu, inananların inancını puç edir. Azyaşlıya qarşı zorakılıq əməli törətmək isə nəinki, ilahiyyatçıya ümumiyyətlə, insanlığa sığmayan davranışdır. Əgər iddialar doğrudursa, qanunlar həmin ilahiyyatçının cəzasını ali səviyyədə verəcək. Lakin belə vəziyyətlərdə onların cəmiyyətdən aldıqları cəza qanunlardan qat-qat ağır olur. Cəmiyyət onun kimilərini öz ətraflarından uzaqlaşdırır. Bu cür şəxslər nə azadlıqda, nə də həbsdə normal gələcəyə ümid bəsləməsinlər''.

L.Mehralı diqqətə çatdırıb ki, indiki dövrdə bir dəfə dini söhbət edəni ilahiyyatçı kimi qələmə verirlər:
''Ona görə də kim əsl ilahiyyatçı, həqiqi bilik verəndirsə, onu ətrafdakılar müəyyənləşdirməməlidir. Fikrimcə, bu sahənin bir meyarı olmalıdır. Yəni, hərə öz bildiyi kimi, ruhani biliklərini şərh etməməlidir. Bəzi din xadimləri 9 yaşında, digərləri isə yetkinlik yaşında evliliyi normal sayır. Bir sözlə, özünə ilahiyyatçı deyən hər kəsə inanıb qəbul etmək doğru deyil".