Bakının Xəzər rayonunda 1950-ci il təvəllüdlü Elman sevgi münasibətində olduğu Xuramana (adlar şərti göstərilib - red.) xəsarət yetirib. Demokrat.az-ın məlumatına görə, hadisə Elmana məxsus evdə baş verib. O, yaşadığı evdə olan zaman tanışı Xuraman ilə dalaşıb və mübahisə zamanı onun baş nahiyəsinə süpürgənin taxta qulpu ilə zərbə endirib. Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, zərərçəkmiş Xuraman onun tanışıdır: "Mən mütəmadi olaraq Xuramanın işlətdiyi kafeyə getmişəm. Hadisə günü Xuraman və onun qızı Ramilə evimə qonaq kimi gəldilər. Yemək yedikdən sonra bir qədər spirtli içki qəbul etdik. Sonradan Xuraman ilə aramızda sözlə mübahisə yarandı. Bu zaman plastik süpürgənin qulpu ilə Xuramanın başından vurdum".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Hadisəyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, 74 yaşında bir kişi ağsaqqal hesab olunur:
''Ona görə də hansısa problemin həlli üçün ağsaqqala müraciət edilir, ondan xeyir işin başlanmasında məsləhət alınır. Təəssüf ki, indiki dövrdə 74-yaşında ağsaqqal adını daşımayan insanlar var. Yəni, həmin yaşda sevgilisi olması azmış kimi, üstəlik həmin qadına şiddət göstərməsi dəhşətdir. Əfsuslar olsun ki, cəmiyyətdə belə qadınlar da vaz deyil. Bir ananın qızıyla bərabər yaşlı kişinin evində birgə spirtli içki içməsi nə dərəcədə doğrudur? Kişinin qadına şiddət göstərməsinə baxmayaraq, onu sonradan bağışlayır və şikayyətini geri çəkir. Birincisi, elə Azərbaycanlı qadınına ar olsun ki, dilinə spirt dəyir. Bu nüans mentalitetimizə zidd olan davranışdır. Əlavə olaraq, şiddəti bağışlamaq doğru deyil. Bu o deməkdir, insanın özünə hörməti yoxdur. Fikrimcə, qadının şikayyət ərizəsini geri götürməsi maliyyə bağlantısı ilə əlaqədardır. Yəni, 74 yaşlı kişinin göstərdiyi şiddəti bağışlamaqdansa, küçə süpürmək və restoran, kafedə qab yuyaraq pul qazanmaq daha yaxşıdır. Ona görə də həmin qadına və 74 yaşlı kişiyə ar olsun ki, hadisələr bu həddə qədər gəlib çıxıb".