Bakıda 208 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü nəqliyyat vasitəsini qapısıaçıq formada idarə edir. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Qeyd olunub ki, artıq üçüncü dəfədir ki, eyni sürücü sərnişin avtobusunu bu şəkildə idarə edir. İddia olunur ki, birinci dəfə bu halla rastlaşanda avtobusdakı yaşlı xanım avtobusdan yıxılaraq xəsarət alıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Sürücünün avtobusu qapısı açıq şəkildə idarə etməsi yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilir:
''Təbii ki, sürücü Dövlət Yol Polisinin Post Patrul xidməti əməkdaşı tərəfindən cərimələnir. Həmçinin, sürücünün işlədiyi sərnişindaşınma şirkəti də Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xəbardarlıq edilir. Belə qayda pozuntuları baş verən xətalar əsasən insan faktoruna söykənir. Burada isə sürücü ciddi məsuliyyət daşımalıdır. Çox vaxt sürücülər avtobusu qapısıaçıq idarə etməyinin səbəbini havanın çox isti, kondisionerin olmaması ilə əlaqələndirilər. Hər bir halda, bu sərnişinlərrin həyatını təhlükə altına salır. Fikrimcə, daşıyıcılar da öz növbələrində bu kimi hala yol verən sürücüyə qarşı müəyyən tədbirlər görməlidirlər. Bu səbəbdən mütəmadi olaraq, istehsalat bazasında sürücülərlə maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirilməsinə ehtiyac var''.