Keniyaya yarım tonluq kosmik tullantı düşüb

Keniyanın ucqar yaşayış məntəqələrindən birində qəribə hadisə baş verib.

AZƏRTAC xəbər verir ki, Mukuku kəndinə kosmosdan diametri 2,5 metr, kütləsi 500 kiloqram olan metal halqa düşüb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb. İlkin ehtimala görə, kosmik tullantı fəzaya qalxan raketdən düşüb. Raketin hansı ölkəyə məxsus olduğu araşdırılır. Keniya Kosmik Agentliyi obyektin sahibi müəyyən olunduqdan sonra onun beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunmasını tələb edəcək.

Qeyd edək ki, kosmik tullantıların əksəriyyəti atmosferə daxil olduqdan sonra ya yanır, ya da okeana düşür. Lakin istisnalar da baş verir. Bu vaxtadək kosmik tullantının Yerə düşməsindən ölüm qeydə alınmayıb.