"Qızımı 35 gün əvvəlki analiz əsasında əməliyyat edib" -Nəzrinin atası

"Qızım həkim səhlənkarlığına görə öldü, prokurorluğa şikayət etmişəm".
Sherg.az Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında burun əməliyyatından sonra komaya düşüb, ötən gün vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.
Aydın Abışzadə qeyd edib ki, qızı burnunu əməliyyat etdirmək fikrindən daşınıb, lakin həkim onu yenidən razı salıb:
"Qızım yanvarın 3-də "Mərcan" klinikasında həkim Sənan Mehdiyev tərəfindən əməliyyat olunub. Guya burun çəpəri əyri idi, amma heç o da yox idi, burun sümüyü bir balaca böyük olduğu üçün onu kiçiltmək istəyirdi. O, əməliyyat üçün analizlər verib qeydiyyatdan keçəndən sonra fikrindən daşınmışdı. Lakin həkim zəng edərək, qızımın analiz verib, qeydiyyatdan keçdikdən sonra niyə gəlmədiyini soruşub, yenidən əməliyyata cəlb edib. Götürülən analizin üzərindən 35 gün keçib. Elə həmin analizlər əsasında da əməliyyat edib. Onun ölümündə həkim günahkardır, bununla bağlı prokurorluğa da şikayət etmişik".
Onun sözlərinə görə, qızının halı pisləşdiyi zaman xəstəxanaya yerləşdirilməsinin vacibliyi həkimə deyilsə də, o buna əhəmiyyət verməyib:
"Qızımın əməliyyatının üstündən 10 saat keçəndən sonra, yanvarın 4-də halı pisləşib. Buna görə təcili yardım çağırılıb, "Diklofenak" iynəsi (ağrıkəsici - red.) vurulub. Əməliyyat edən həkimə qızımın vəziyyətinin pis olduğunu, xəstəxanaya yerləşdirilməsi gərəkdiyini desək də, o buna əhəmiyyət verməyib. Həkim deyirdi ki, tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Təcili yardımdakı həkim də Sənan həkimə xəstəxanaya yerləşdirilməli olduğunu demişdi. Hətta yoldaşı da dəfələrlə deyib ki, Nəzrinin vəziyyəti pisdir, qusur, temperaturu var, başı ağrıyır. Lakin həkim deyirdi, tərpətməyin, keçəcək. Ayın 5-i isə halı tamam pisləşdi. Təcili xəstəxanaya yerləşdirdik. O, koma vəziyyətində idi. Elə xəstəxanaya yerləşdirdik, komadan ayılmadı, öldü".
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.
Xatırladaq ki, Nəzrin Mansurova yanvarın 5-də "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, o, komadan ayılmayıb və dünyasını dəyişib. O bu gün Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Nəzrin Mansurova 1995-ci ildə anadan olub. ADA Universitetinin məzunu olan N.Mansurova Azərbaycan Dövlət Neft Fondunun İnvestisiya departamentinin baş treyderi vəzifəsində çalışırdı. Ailəli olub, üç yaşlı bir qız övladı var.
Qeyd edək ki, Nəzrini əməliyyat edən cərrah S.Mehdiyev bundan öncə də pasiyentlərindən birini itirib. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.