İtaliyanın baş naziri Corca Meloni və onun kabinetinin bir neçə üzvü barəsində məhkəmə istintaqı başladılıb.
Teleqraf.com "Euronews" agentliyinə istinadən xəbər verir ki, bu barədə Roma prokurorluğunda cinayət işi açılıb.
Məlumata görə, məhkəmə Meloni ilə birlikdə ədliyyə maziri Karlo Nordio, daxili işlər naziri Matteo Piantedosi və Nazirlər Şurasının katibi Alfredo Mantovano haqqında da araşdırma aparacaq.
İstintaqa səbəb kimi isə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan Liviyada müharibə cinayətləri törətməkdə ittiham edilən Usamə Əl-Masrinin azadlığa buraxılaraq İtaliyadan ölkəsinə deport edilməsi göstərilib.
Meloni və digərlərinə qarşı cinayətə yardım və dövlət vəsaitindən sui-istifadə ittihamı ilə araşdırma aparılacaq.
Qeyd edək ki, Usamə Əl-Masri İtaliyanın Turin şəhərində saxlanılıb. Daha sonra o, şəxsi təyyarə ilə ölkəsi Liviyaya deportasiya edilib.
İtaliyanın daxili işlər naziri parlamentdəki çıxışında El-Masrinin cəmiyyət üçün təhlükə törətdiyi səbəbiylə deportasiya edildiyini açıqlayıb.