
İqtisadi sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
4-cü Sənaye İnqilabı
İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransı keçirib. Mərkəzin icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarını və 2025-ci il ərzində icrası planlaşdırılan işlər barədə məlumat verib. F.Cəfərov qeyd edib ki, ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlanılıb. O bildirib ki, qurumun 2024-cü ildə çox geniş spektrli fəaliyyəti olub: "Azərbaycan dünyada ilk dövlətdir ki, dövlət qurumu səviyyəsində 4SİM formalaşdırıb. Azərbaycan MDB məkanında bu mərkəzə ev sahibliyi edən ilk ölkədir: “4-cü sənaye inqilabı sahəsində ötən il 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq. Beynəlxalq tərəfdaşlardan öyrəndiyimiz təcrübələri yerli tərəfdaşlarla bölüşürük. Yerli tərəfdaşlarımızın sayı 100-dən çoxdur. Bu tərəfdaşlarla strateji əməkdaşlıq çərçivəsində təbii ki, Azərbaycanın mövqeyi daha da gücləndirilir". F.Cəfərov bildirib ki, Sənaye 4.0 Mərkəzi bu il fəaliyyətə başlayacaq. O bildirib ki, sözügedən mərkəzdə texnologiya şirkətləri öz məhsullarını təqdim edəcəklər: "Sənaye üçün süni intellekt və digərləri ilə bağlı həllər öz əksini tapacaq. Eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı baxımından 2030-cu ilə qədər 650 şirkəti sənaye 4.0 Hazırlıq Proqramından keçirməyi planlaşdırırıq. Bu texnologiyalara onların əlçatanlığının təmin edilməsi ilə bağlı dəstəyimizi göstərəcəyik". F.Cəfərov yeniliklər barədə danışarkən bildirib ki, bu ildən etibarən İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə süni intellekt texnologiyası tətbiq ediləcək. "Gün ərzində hər nə qədər zəng gəlsə, bu texnologiya imkan verəcək ki, həmin zənglər təhlil edilsin. Çünki insanların fiziki cəhətdən bunu anında təhlil edib cavablandırması bir az vaxtı uzadırdı", - o bildirib.
Qeyd edək ki, bu günlərdə Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafı üzrə B2B forumu keçirilir. Tədbir “LEF Network Azerbaijan” layihəsi çərçivəsində, “Caspian Energy Club”un təşkilati dəstəyi ilə keçirilir. Forumda çıxışı zamanı Latviyanın ticarət-sənaye palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçyova qeyd edib ki, 2025-ci ilin oktyabr ayında Bakıda Mərkəzi-Baltika regional biznes forumunun keçirilməsi planlaşdırılır. “Bu ilin oktyabr ayında Bakıda vacib tədbir - Mərkəzi-Baltika regional biznes-forumu keçiriləcək. Bu, müxtəlif ölkələrin bizneslərini birləşdirən iri bir hadisə olacaq. Bu il biz eyni zamanda Estoniya və Finlandiyada iki biznes-forum keçirəcəyik”, -deyə o bildirib. L.Siçyova vurğulayıb ki, “Caspian Energy Club”la əməkdaşlıq çərçivəsində Azərbaycana Mərkəzi-Baltika regionundan ticarət missiyası üçün daha perspektivli biznes-tərəfdaşların dəvət olunması və paralel olaraq Latviya, Estoniya və Finlandiyaya səfərlər planlaşdırılıb. O qeyd edib ki, "LEF network Azerbaijan" layihəsi bu il yekunlaşsa da, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlıq başqa formatda davam edəcək. “LEF network Azerbaijan” layihəsi şirkətlər arasında əməkdaşlığın inkişafına aktiv şəkildə vasitəçilik edir, lakin layihənin özü bu ilin sonunda yekunlaşır. Biz Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlığın və təmasların qurulmasına maraq göstərən şirkətləri dəstəkləyirik. Layihə çərçivəsində bu il Mərkəzi-Baltika ölkələrində iki ticarət missiyasının yerinə yetirilməsi planlaşdırılır. Eyni zamanda oktyabr ayında Baltika ölkələrindən Azərbaycana ticarət missiyası təşkil olunacaq”, - deyə o, bildirib. Departament direktoru deyib ki, "LEF network Azerbaijan" layihəsinin yekunlaşmasından sonra Azərbaycanın biznes-təşkilatları və “Caspian Energy Club”la əməkdaşlığın davam etdirilməsi planlaşdırılır: “Biz eyni zamanda əməkdaşlıqla bağlı müxtəlif memorandumlar bağlamağa can atırıq və ola bilsin, başqa formatda, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında qarşılıqlı-əlaqəni qoruyub saxlamaqla – birgə fəaliyyəti davam etdirməyə hazırıq”. Onun sözlərinə görə, Baltika ölkələrindən olan bizens Azərbaycanda böyük potensial görür. Tarix və mədəniyyətdə insanları birləşdirən orta anlar var. Bununla belə mədəni fərqlər əməkdaşlıq üçün yeni imkanlar açır. "Məsələn, Azərbaycana gələn şirkətlər yerli biznesin Avropa bazarına çıxışını dəstəkləməyə, lazımi sertifikatlaşdırma təşkil etməyə və ya IT çözümləri təqdim etməyə hazırdır", – deyə o əlavə edib. L.Siçyova qeyd edib ki, "LEF network Azerbaijan" layihəsi Azərbaycanda mühüm dəstək alır, xüsusilə "Caspian Energy Club", AZPROMO, KOBİA və Alman-Azərbaycan Ticarət Palatası kimi təşkilatlardan. Qeyd edək ki, "LEF network Azerbaijan" layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına yönəlib. Layihə 2023-cü ilin martında başlayıb və müddəti 36 aydır, büdcəsi isə 1,264 milyon avro təşkil edir. Azərbaycanın biznes-icmasının Latviya bazarına marağının artması da müşahidə olunur. Bu barədə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş B2B forumunda çıxışı zamanı bildirib. “Bizim münasibətlərdən və ticarət mübadiləsindən söz düşmüşkən, bizim dostluğumuz möhkəmlənməkdədir, ticarət həcmi isə artmağa davam edir. Biz Azərbaycan bazarına daxil olan məhsullarımızın assortimentində genişlənməni, o cümlədən Azərbaycanın biznes-icmasının Latviyaya olan marağının artmasını müşahidə edirik”. Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq üçün həm siyasi, həm də xalqların inkişafı və rifahı nöqteyi-nəzərindən yeni perspektivlər açılır. E.Skuya vurğulayıb ki, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş “LEF Network Azerbaijan” layihəsi fəaliyyətə başladığı ilk gündən uğurlu olub. “Sazişlər bağlanıb və hər dörd iştirakçı ölkənin marağının artması müşahidə olunur. Görürük ki, layihəyə maraq durmadan artır və onu həyata keçirən insanların səyləri olmasaydı, bu, mümkün olmazdı”, - deyə diplomat bildirib.
4-cü Sənaye İnqilabının ölkə iqtisadiyyatına müsbət təsirləri və Bakıda keçirilən beynəlxalq iqtisadi forumların əhəmiyyəti barədə “Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, bu səpkili tədbirlər Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir:

- Azərbaycan dünya ölkələri arasında etibarlı tərəfdaş imici qazanıb və bunu əməldə də təsdiq edir. Baltikyanı dövlətlərin Azərbaycana etibarı, inamı əsassız deyil. Məlumdur ki, bu dövlətlər ciddi imicləri ilə tanınır. Demək ki, onlar Azərbaycanın iqtisadi sahədə etibarlı tərəfdaş olduğunu bilirlər, bunu əməli şəkildə görürlər. Ona görə də hər cür əməkdaşlığa hazırdırlar. Ölkəmizin iqtisadi uğurlara imza atmasının əsas göstəricilərindən biri məhz 4-cü Sənaye İnqilabıdır. Bu illər ərzində ölkə iqtisadiyyatında, həqiqətən də, yüksək irəliləyişə nail olunub, sənaye müəssisələrinin sayı artdıqca, müxtəlif növ məhsul istehsalı da artıb. Burada dövlət tərəfindən sahibkarlığın dəstəklənməsi, özəl sektora geniş imkanlar tanınması da böyük əhəmiyyət kəsb edir. Əldə olan məlumata görə, məsələn, hazırda Neftçala Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 49,5 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 13,6 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur. Bu məlumat İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə məxsusdur. Qeyd edilir ki, İZİA-nın idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 210 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına düşür. Bundan başqa, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. 2023-cü illə müqayisədə 2024-cü ildə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul satışı həyata keçirilib. Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və 5-i istehsal fəaliyyətinə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 49,5 milyon manat investisiya yatırılıb, 300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması nəzərdə tutulur.
İqtisadçı qeyd etdi ki, 2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərinin ölkəmizdə və xaricdə təşkil olunacaq ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək davam etdiriləcək:
- Sərgi və yarmarkalar barədə sahibkarlar əvvəlcədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytı, sosial media hesabları və KİV vasitəsilə məlumatlandırılacaq. Bu ilin mart ayından başlayaraq Binəqədi rayonunun ərazisində hər həftəsonu “KOB bazar” satış yarmarkası təşkil olunacaq. KOBİA tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2024-cü ildə 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb. 60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 10 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilmiş yarmarkalarda 471 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib. Bu, əlbəttə ki, kiçik və orta sahibkarlığın inkişafına böyük dəstəkdir.