NASA-nın “Psyche” kosmik aparatı Marsın yaxınlığından keçərək qırmızı planetin nadir görüntülərini qeydə alıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, parat hazırda Günəş sistemində yerləşən metalik “16 Psyche” asteroidinə doğru 3,6 milyard kilometrlik səyahətini davam etdirir.
2023-cü ilin oktyabrında buraxılan “Psyche” missiyasının əsas məqsədi Mars və Yupiter orbitləri arasında yerləşən eyniadlı asteroidin tədqiqidir. Alimlər hesab edirlər ki, bu göy cismi vaxtilə formalaşmaqda olan qədim planetin açıqda qalmış metal nüvəsi ola bilər. Bu isə Yer, Mars və Venera kimi planetlərin daxili quruluşunu öyrənmək baxımından mühüm elmi imkan yaradır.
NASA-nın yaydığı məlumata görə, kosmik aparat mayın 15-də Marsın yaxınlığından keçərək planetin cazibə qüvvəsindən “qravitasiya sapandı” kimi istifadə edib. Bu manevr nəticəsində aparatın sürəti saatda təxminən 1600 kilometr artıb və trayektoriyası dəyişdirilib. NASA-nın Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasının nümayəndəsi Don Han bildirib ki, aparat hazırda 2029-cu ilin yayında asteroidə çatacaq kurs üzrə hərəkət edir.
Marsdan cəmi 4 min 609 kilometr məsafədən keçən “Psyche” bu müddətdə bütün elmi cihaz və kameralarını aktivləşdirərək gələcək missiya əməliyyatlarının sınağını həyata keçirib. Nəticədə Marsın nazik hilal formasında nadir görüntüləri əldə olunub.
NASA-nın paylaşdığı fotolarda Marsın cənub qütbündəki buz örtüyü, nəhəng Huygens krateri, gecə-gündüz sərhədləri və səthdə küləklə daşınan toz izləri əks olunub.
Missiyanın uğurla tamamlanacağı təqdirdə alimlər Günəş sistemində planetlərin yaranma prosesi və onların nüvələrinin formalaşması ilə bağlı mühüm məlumatlar əldə edə biləcəklər.