Azərbaycan son illərdə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən əsas ölkələrdən birinə çevrilib. Dünyada siyasi gərginliklərin, müharibə və qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi çıxış etməsi xüsusi diqqət çəkir. Bu baxımdan, WUF-13 forumunun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun, həm də təşkilatçılıq imkanlarının növbəti dəfə nümayişi oldu. Forum çərçivəsində aparılan müzakirələr, yüksək iştirakçı sayı və verilən mesajlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha ortaya qoydu.
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a Azərbaycanın WUF-13-ə uğurlu ev sahibliyindən danışıb:

"Azərbaycan növbəti dəfə çox böyük və mötəbər tədbirə ev sahibliyi etdi. WUF uzun illərdir keçirilir, lakin indiyədək heç vaxt bu qədər iştirakçısı olmamışdı. Azərbaycan unikal model ortaya qoydu. Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, builki tədbirdə 50 mindən artıq insan iştirak etdi və tədbir çox yüksək səviyyədə təşkil olundu. Qonaqların çıxışlarında da bunu aydın şəkildə gördük, onlar Azərbaycan haqqında müsbət fikirlərini səsləndirdilər. Eyni zamanda, tədbir çərçivəsində Azərbaycan bir sıra maraqlı müzakirələrin aparılmasına da nail oldu. Fondun yaradılması məsələsi və digər mövzular da səfər və tədbir çərçivəsində müzakirə edildi. Azərbaycan növbəti dəfə dünyaya mühüm mesajlar verdi".
Parlamentari vurğulayıb ki, bu gün dünyanın bir çox bölgəsində müharibələr və qarşıdurmalar davam etdiyi halda, Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilib:
"Azərbaycan artıq COP29-dan sonra dünyada keçirilən ən böyük beynəlxalq tədbirlərdən biri olan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi. Prezident İlham Əliyev də çıxışlarında olduqca önəmli və vacib mesajlar verdi. Azərbaycan xalqı qədim xalqdır. Azərbaycanın zəngin şəhərsalma mədəniyyəti var. Bu da Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti tarixi nailiyyəti və uğuru kimi qiymətləndirilməlidir".