Milli velosipedçi İranda qəzadan sonra həyatını itirib

Türkiyənin milli velosipedçisi Mustafa Ayyorkun, 31 may tarixində keçirilən "2025 Tour of Iran" yarışının 5-ci və son mərhələsində baş verən qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Ayyorkun, aparıldığı xəstəxanada ötən gecə dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, Gənclər və İdman naziri Osman Aşkın Bak, milli idmançının vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazirin mesajında bu ifadələr yer alıb:

“2025 Tour of Iran” yarışında keçirdiyi acı qəza nəticəsində ağır yaralanan Spor Toto Velosiped Komandamızın idmançısı Mustafa Ayyorkunun vəfat etdiyini böyük kədər hissi ilə öyrəndim. Milli idmançımıza Allahdan rəhmət diləyirəm, ailəsinə və idman ictimaiyyətimizə başsağlığı verirəm.”

Türkiyə Velosiped Federasiyası tərəfindən verilən açıqlamada isə aşağıdakı ifadələr yer alıb:

İranın Təbriz şəhərində keçirilən "2025 Tour of Iran" yarışının 5-ci mərhələsində, 31 may şənbə günü baş verən acı qəzada Spor Toto Velosiped Komandamızın idmançısı Mustafa Ayyorkun ağır yaralanmışdı. Təəssüf ki, aparıldığı xəstəxanada bütün tibbi müdaxilələrə baxmayaraq, idmançımız xilas edilə bilmədi və ötən gecə vəfat etdi.

“Dərin bir hüzn içindəyik.” – Türkiyə Velosiped Federasiyasının prezidenti Emin Müftüoğlu bu acı hadisə ilə bağlı verdiyi açıqlamada belə deyib:

“Yarış zamanı baş verən qəzanın ardından dərhal Gənclər və İdman Nazirliyimiz, T.C. Tehran Səfirliyimiz, Təbriz Konsulluğumuz və İranlı səlahiyyətlilərlə yaxın təmasda olduq. Şənbə günündən bu yana prosesi yaxından və diqqətlə izlədik. Xəstəxanadan boyun nahiyəsində çat olduğu və üç gün müşahidə altında qalacağı məlumatını almışdıq. Sağlıq durumu müsbət istiqamətdə irəliləyirdi. Amma ötən gecə gələn qəfil ölüm xəbəri bizi dərindən sarsıtdı. Çox kədərləndik. Mustafa Ayyorkun, Türk velosipedi üçün böyük bir dəyər idi.
Türk velosiped idmanının gənc və gələcək vəd edən simalarından biri olan Mustafa Ayyorkuna Allahdan rəhmət diləyirik. Başda ailəsi olmaqla, Spor Toto Velosiped Komandasına, bütün velosiped camiəsinə və sevənlərinə başsağlığı veririk.