Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda baş verən qeyri-adi hadisə nəticəsində bir nəfər ilanı öldürmək üçün açdığı atəşlə 5 nəfərin yaralanmasına səbəb olub.
Sherg.az xəbər verir ki, hadisə Üstüntaş məhəlləsində qeydə alınıb. Məlumata görə, evinə daxil olan iri ilanı görən H.Ü. onu kanalizasiya dəliyində sıxışdırdıqdan sonra ov tüfəngi ilə atəş açıb.
Lakin tüfəngdən çıxan qəlpələrin səthdən sıçraması nəticəsində həmin vaxt evin yaxınlığında olan 4 yaşlı Y.B.K., 30 yaşlı E.Y., 58 yaşlı R.Ü., 3 yaşlı M.S.Y. və 6 yaşlı F.E.Y. yaralanıblar.
Hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra Siverek xəstəxanasına çatdırılıblar.
Yaralananlardan 3 yaşlı M.S.Y.-nin vəziyyətinin daha ağır olduğu bildirilib. O, əlavə müayinə və müalicə üçün Şanlıurfadakı başqa bir tibb müəssisəsinə köçürülüb.
Jandarma hadisə yerində araşdırma aparıb və faktla bağlı istintaqa başlanılıb. Hadisənin dəqiq şəraiti və təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı araşdırılır.