Nepal və Tibetdə sürüşmə nəticəsində 1500-ə yaxın insan itkin düşüb

Himalaylarda baş verən torpaq sürüşməsi nəticəsində Nepal və Tibetdə 1500-ə yaxın insan itkin düşüb. Onların arasında 800-ə yaxın xarici vətəndaşın olduğu bildirilir.

Sherg.az xəbər verir ki, "Reuters"in məlumatına görə, böyük həcmdə palçıq və daş kütləsinin çaya tökülməsi vadilərdə və yaşayış məntəqələrində güclü daşqınlara səbəb olub.

Nepal polisi ölkədə ölənlərin sayının 165-i keçdiyini və rəqəmin artacağını açıqlayıb. Nepalda 826 nəfərin itkin düşdüyü, onlardan təxminən 500-nün 20-dən çox ölkənin vətəndaşları olduğu bildirilir. Tibetdə isə 558 nəfərin, o cümlədən 260 xarici vətəndaşın itkin olduğu qeyd edilir.

Xilasetmə əməliyyatlarına 5 mindən çox hərbçi və polis cəlb olunub. Artıq 125 nəfər, o cümlədən 20 xarici vətəndaş təxliyə edilib.

Təbii fəlakət avqustun 26-da Nepalın Rasuva rayonunda Bxote-Koşi çayı ərazisində baş verib. Güclü su axınları Timure, Syafrubeshi və Rasuvagadhi yaşayış məntəqələrinə ciddi ziyan vurub.