Rusiyanın daha bir “Boeing”i həyəcan siqnalı verib

Nyaçanq–İrkutsk marşrutu üzrə uçan təyyarə Vyetnam üzərində həyəcan siqnalı verib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Hanoy səmasında, təxminən 7 min metr yüksəklikdə qeydə alınıb.

“Azur Air” aviaşirkətinə məxsus "Boeing 757" təyyarəsi Nyaçanqdan havaya qalxdıqdan sonra həyəcan siqnalı verib.

Təyyarə yanacağı boşaltmaq üçün dairəvi uçuş edərək Hanoy hava limanına təcili eniş edib.

İlkin məlumata görə, göyərtədə 238-ə qədər sərnişin ola bilər.

Qeyd olunur ki, bu, son bir həftə ərzində həmin hava gəmisi ilə bağlı ikinci insidentdir. Bir neçə gün əvvəl eyni təyyarə mühərrik nasazlığı səbəbindən Çində təcili eniş edib.