Salyanda qəza: Ana öldü, əkiz oğulları xəsarət aldı

Salyanda yol qəzası olub, ölən və yaralanan var.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hunday Aksent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.