Ziya Bünyadov prospektində yanğınla mübarizə davam edir - YENİLƏNDİ

Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən "Penguin" boya satışı və başqa bir neçə mağazada baş verən yanğının ətrafındakı mağazalar boşaldılır.

Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, mağazaların sahibləri vətəndaşların köməyi ilə içəridəki məhsul və əşyaları çölə çıxarır.

Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

13:11

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.