Polkovnik: Alternativ hərbi xidmətin tətbiqi məqsədəuyğundur

Peşəkar orduya keçid reallaşır



  Milli Məclisdə alternativ hərbi xidmət məsələsi də gündəmə gətirilib. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, ordumuza çox müasir texnikalar alınır, onu yeni hərbi xidmətə gələn gəncə əmanət etmək olmaz. Onun sözlərinə görə, texnikanın idarə olunması üçün yetişmiş, savadlı kadrlar olmalıdır: “Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır”. Deputat qeyd edib ki, Azərbaycanda pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur: “Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu həm də, iş yeridir”. Deputat Elnur Allahverdiyev də alternativ hərbi xidmətə dair təklif səsləndirib. O vurğulayıb ki, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur: “Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar”.
  
Parlamentdə səslənən təklifləri "Sherg.az"a dəyərləndirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, peşəkar orduya keçidin növbəti mərhələsi kimi alternativ hərbi xidmətin tətbiqi məqsədəuyğundur. Polkovnikin sözlərinə görə, dünyanın bütün qabaqcıl ordularında, eləcə də qardaş Türkiyədə bu təcrübə mövcuddur və özünü tamamilə doğruldur: 
"Azərbaycanda da məlum təcrübənin tətbiqi arzuediləndir. Düşünürəm ki, bu bizə ancaq fayda verər. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin dönəmindən etibarən müasir ordu quruculuğu istiqamətində mühüm addımlar artıb və bu proses Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu beynəlxalq reytinq siyahılarında dünyanın ən qabaqcıl orduları sırasında yer alır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi ordumuzun peşəkarlığını, müasir hərb sənətinin incəliklərinə dərindən bələd olduğunu bütün dünyaya sübut etdi. Ancaq təbii ki, Azərbaycan bu uğurlarla qane olmaq, kifayətlənmək niyyətində deyil. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri hər gün inkişaf edir, öz peşəkarlığını, döyüş qabiliyyətini daha da artırır. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsində iştirak edən ordudan daha güclüdür. Bütün bunlar isə təbii ki, Prezident İlham Əliyevin orduya, onun təminatına və inkişafına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. Bu inkişafın davamı kimi alternativ hərbi xidmətin tətbiqi irəliyə doğru növbəti addım sayıla bilər".

  C.Xəlilov vurğulayıb ki, bundan öncə də ölkəmizdə alternativ hərbi xidmətlə bağlı məsələ gündəmə gəlsə də, öz real həllini tapmayıb: 
"O zaman əsas arqument kimi ölkəmizin müharibə şəraitində olduğu, torpaqlarımızın ermənilər tərəfindən işğal edildiyi irəli sürülürdü. Bildirilirdi ki, belə bir vəziyyətdə alternativ hərbi xidmətin tətbiqi müxtəlif çətinliklərə, problemlərə səbəb ola bilər. Təbii ki, həmin zaman və şərtlər daxilində alternativ hərbi xidmətin tətbiqi, doğrudan da, müəyyən problemlərə səbəb ola bilərdi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edən, güclü orduya malik bir dövlətdir. Bu gün alternativ hərbi xidmətə keçid dövlət büdcəsinə əhəmiyyətli şəkildə qənaət etməklə yanaşı, peşəkar hərbçilərin yetişdirilməsi, onların sosial rifahının yüksəldilməsi baxımından da mühüm addım ola bilər. Bu səbəbdən ümid edirəm, yaxın gələcəkdə məsələyə daha geniş şəkildə baxılacaq. Alternativ hərbi xidmətin tətbiqi ilə bağlı deyilənlər öz real həllini tapacaq".