Bu şəxslər Silahlı Qüvvələrdə istər gizir, istərsə də zabit kateqoriyasında fəaliyyət göstərə bilərlər
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Dəyişikliklə Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci də sözügedən siyahıya əlavə edilib. Fərmana əsasən, Milli Müdafiə Universitetinin rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Qeyd edək ki, Müzəffər ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi, hərbi qüdrətinin artırılması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiyənin hərbi sisteminin əsas götürüldüyü ordu quruculuğu tədbirlərinin həyata keçirilməsidir. Elə müharibənin ardınca işğaldan azad olunan torpaqlarda ilkin mərhələdə komando birliklərinin yaradılması da bu fikrin təsdiqidir. Ötən il dekabrın 14-də isə Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Həmin fərmanla Nazirlər Kabinetinə peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin yaradılması tapşırılıb.
Ölkə başçısının Fərmanını şərh edən hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a açıqlamasında deyib ki, ölkənin üç şəhərində xüsusi təyinatlı hərbi kollecin yaradılması da ordu quruculuğu, peşəkar hərbi kadrların hazırlanması istiqamətində reallaşdırılan sistemli tədbirlərin tərkib hissəsidir:
“Bu kolleclərə 9,10, və 11-ci sinif şagirdləri daxil ola bilərlər. Hərbi təhsil müddətinin 2 il olması nəzərdə tutulub. Xüsusi təyinatlı hərbi kolleclərə bir növ gizir olmaq üçün peşə məktəbi də deyə bilərik. Amma təhsilini davam etdirmək istəyən şəxslər Ali Məktəblərə qəbul ola və zabit heyətinə keçə bilərlər. Mülki təyinatlı təhsil müəssisələrinə qəbul olan xüsusi təyinatlı hərbi kolleci bitirən şəxslərin aldıqları təhsil, onların bakalavr səviyyəsindəki ixtisas seçimində üstünlük qazandıracaq. Bu kolleclər hərbi təhsilin bir mərhələsi olub boşluqları aradan qaldırmağa xidmət edəcək, hərbi-vətənpərvərlik ruhunda olan gənclərimizin daha yaxşı hərbi təhsil almasına səbəb olacaq”.
Hərbi ekspert əlavə edib ki, hərbi kollecdə təhsili alacaq şəxslər xidmətə çağırılmır:
“Onların bu iki il ərzində sözügedən kolleci bitirib hərbi peşədə fəaliyyət göstərmələrinə şərait yaradılır. Ona görə də hərbi təhsil almağa dair müraciət 9-cu sinifdən başlayır. Beləliklə də, bu şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istər gizir, istərsə də zabit kateqoriyasında fəaliyyət göstərə bilərlər. Ümumiyyətlə, ordumuzun ehtiyaclarını zabit kateqoriyasında liseylər, gizir kateqoriyasında kolleclər təmin edəcək. Kolleclərdən liseylərə keçid mümkün olacaq. Liseyləri bitirən şəxslərin isə Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək öhdəliyi yaranacaq. Kollecləri bitirən şəxslər də Silahlı Qüvvələrə daxil ola, istəməyənlər isə mülki təhsil müəssisələrində təhsil ala bilərlər”.