Ermənistan genişmiqyaslı təxribatlara hazırlaşır -Hərbi ekspertdən ŞOK PROQNOZ

Ermənistan tərəfindən intensiv şəkildə Azərbaycana qarşı atəşkəs pozulur. Belə ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə Naxçıvanı atəşə tutub. Bundan başqa, erməni ordusu Zəngəzurda hərbi varlığını artırır. “Bez Tormozov”un yaydığı görüntülərdə Ermənistanın Qafana hərbi texnika, xüsusən tank və BTR-lər cəlb etməsi, mövqelər və hərbi hissə yaratması əks olunub. 

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, Ermənistanın Şərqi Zəngəzurda intensiv şəkildə qoşun yerləşdirməsi birmənalı olaraq işğalçı ölkənin növbəti dəfə genişmiqyaslı təxribatlara hazırlaşdığını göstərir:

“Amerika Birləşmiş Ştatları, Fransa, Hindistan və İran tərəfindən dəstəklənən Ermənistan son bir neçə ay ərzində ərazidə kifayət qədər aqressiv davranışlar nümayiş etdirir. Eyni zamanda, onlar danışıqlar prosesindən yayınırlar. Həmçinin üzərinə götürdüyü öhdəlikləri isə yerinə yetirmir. Digər tərəfdən isə tarixi Azərbaycan torpaqlarında yerləşən Ermənistan ordusunun hissə və bölmələri Azərbaycan ərgərinin həyat və sağlamlığına ciddi təhdidlər formalaşdırır. Hesab edirəm ki, sözügedən təhdidlərin aradan qaldırması yalnız adekvat tədbirlərlə deyil, daha təsirli, səmərəli və Ermənistanın daha yaxşı anlayacağı dildə qarşısı alınmalıdır”.