Bu cür toqquşmalar ABŞ və kollektiv Qərbə Ermənistan ərazisində hərbi cəhətdən yerləşmək bəhanəsi qazandıra bilər
Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri iri çaplı pulemyotlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Siyasi şərhçi Elçin Xalidbəylinin “Sherg.az”a açıqlamasına görə, Ermənistan sülh mövzusu ilə manipulyasiya edir, onların Çərçivə sazişi imzalamaq kimi bir niyyəti yoxdur:
“Elə ona görə də, bir tərəfdə dövlət rəsmiləri səviyyəsində sülh danışıqları keçirilir, digər tərəfdən də Naxçıvanı atəşə tutub, şərti sərhəd xəttində təxribatlar törədir. Ermənistanın Cənubi Qafqazda hərbi-siyasi gərginliyi mümkün qədər yüksəltmə cəhdlərinin arxasında Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin geopolitik maraqları dayanır. ABŞ və Fransa Cənubi Qafqazda savaş vəziyyətinin mövcudluğunu tələb edir. Elə buna görə də hər nə qədər Ermənistan rəhbərliyi sülhdən danışsa da, Sülh sazişini imzalamaqdan yayınır. Əvəzində isə vaxt qazanaraq sürətlə silahlanaraq Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törədir. Hansı ki, bu təxribatlar nəticəsində yaxın zamanlarda silahlı toqquşmaların başlaması da istisna hal deyil. Bu cür toqquşmalar ABŞ və kollektiv Qərbə Ermənistan ərazisində hərbi cəhətdən yerləşmək bəhanəsi qazandıra bilər. Məqsədləri də elə budur...”
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə Naxçıvan istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulmasının təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasını təsdiq edib:
“Dünən də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-də görüşüb. ABŞ dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə baş tutan bu görüş ikitərəfli danışıqların müsbət istiqamətdə irəliləməsinə töhfə verir. Bunun ardınca, Naxçıvan istiqamətində sərhəddə Ermənistan tərəfindən atəşkəs pozulub. Göründüyü kimi, Ermənistan Konstitusiya Məhkəməsi qərar verdiyi və xarici işlər nazirlərinin görüşü fonunda atəşkəsin pozulması təsadüfi deyil. Ermənistan ordusunda siyasi anlaşmaları sabotaj edən qüvvələr var. Nikol Paşinyan ordusunda təmizləmə işləri apara bilmir. Ermənistan hökuməti orduda təxribatçı qüvvələri təmizləməyincə proses davam etdikcə təxribatlara gediləcək. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanarkən Ermənistan ordusunda təxribatçı qüvvələr genişmiqyaslı təxribatlara gedə bilər. Bununla N.Paşinyana mesaj verilir ki, sülhü əngəllyə bilərik. Ermənistan ordusunda bu qüvvələr Robert Koçaryan, Sarkisyan və Erməni Qriqoryan kilsəsi tərəfindən idarə olunur”.