Səfərlər, görüşlər təbii və normaldır
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Müdafiə Nazirliyinin məlumatına görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb. Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb. Azərbaycannın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb. Əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az”a deyib ki, Azərbaycan Ordusu artıq bir neçə ildir ki, NATO standartlarına keçib. Ekspertin sözlərinə görə, Azərbaycan 15 ildən çoxdur ki, bu sistem üzərində işləyir:
"Türkiyə ordu sisteminə keçid modelini tətbiq etməklə də NATO standartlarını qəbul etmiş oluruq. Məsələ ondadır ki, Azərbaycanın NATO ilə əməkdaşlığı, tərəfdaşlığı və ordu standartlarının tətbiq olunması ölkəmizin hərbi alyansa üzv olması anlamını daşımır. Bu, birbaşa Azərbaycanın müasir ordu sisteminə keçidi deməkdir. Dünyada hərbi sənaye durmadan inkişaf edir, yeni silahlar ortaya çıxır və əksəriyyəti də NATO ölkələri tərəfindən istehsal olunur. Belə olan halda NATO sistemini öyrənmək və onu tətbiq etmək daha məqsədəuyğundur".
Analitik diqqətə çatdırıb ki, bu proses Rusiya və İran tərəfindən diqqətlə izlənilsə də, hər bir dövlət öz milli maraqlarından çıxış edir:
"Təbii olaraq Azərbaycan da öz milli maraqlarını güdür. Azərbaycanın hansısa dövlətlə, hərbi, yaxud siyasi blokla əməkdaşılığı qonşu ölkələrə, üçüncü tərəfə qarşı yönəlməyib. Sırf özümüzün milli maraqlarımız və təhlükəsizliyimiz naminə NATO kimi təşkilatlarla qarşılıqlı əməkdaşlıq edirik. O baxımdan belə səfərlər, görüşlər təbii və normaldır. Əldə edilən razılaşmaların icrası da mümkündür. Onsuz da Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlığı var".