Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikaelyan mövqelərə baxış keçirib.
Mövqelərdə xidmətin həyata keçirildiyi, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğu bildirilib. 10 mindən çox üzvü olduğu düşünülən qruplaşmanın komandirləri düşmənlə döyüşə hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, Ermənistanın xüsusilə son günlərdə sürətlə silahlanaraq sərhəddə yeni təxribatlara əl atdığı müşahidə olunur.
Regiondakı hadisələri "Sherg.az"a təhlil edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz bildirir ki, sülhdən yana olduğunu dəfələrlə bəyan edən bir ölkənin bütün resursları ilə silahlanmağa çalışması riyakarlıqdır:
- Yücel bəy, Ermənistanın son dövrlərdə sərhəd bölgəsindəki təxribatları nəyə hesablanıb?
- Ermənistanın sərhəddəki təxribat xarakterli fəaliyyətlərinin əsas məqsədi Azərbaycanın mümkün cavab tədbirlərini dünya ictimaiyyətinə təhlükəsizliyinin risk altında olduğu görüntüsünü yaratmaqdır. Təbii ki, bu da sülh danışıqlarını uzatmaq məqsədini daşıyır. Hazırda rəsmi İrəvan Fransa, Hindistan və Yunanıstan kimi dövlətlərdən silah tədarük edir. Əlbəttə ki, bir dövlət təhlükəsizliyini təmin etmək üçün hərbi gücünü artıra bilər. Lakin Ermənistan kimi, 4 il əvvəl İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış, iqtisadiyyatı çökmüş, işsizlik səbəbindən minlərlə vətəndaşı xaricə köç etmiş, sülhdən yana olduğunu iddia edən bir dövlətin bütün resursları ilə silahlanmağa çalışması normal deyil.
- Ermənistanın xarici ölkələrdən silah alması və hərbi mövqelərini gücləndirməsi Qafqaz regionunda güc balansını necə dəyişdirə bilər?
- Ermənistan ordusu uzun mənzilli topçu sistemləri və dron sistemləri kimi hücum məqsədli silahları alaraq regionda sabitliyi pozmağa çalışsa da, bu, Cənubi Qafqazda güc balansını dəyişdirə bilməz. Çünki Azərbaycan Qarabağ müharibəsindən əvvəl də, sonra da ordusunun arsenalına ən müasir silah və texnikaları daxil edib. Hazırda da müasirləşmə prosesi uğurla davam etdirilir. Bu səbəbdən Ermənistanın aldığı silahlar regionda güc balansını dəyişəcək qədər təsirli deyil.
- Ermənistanın bölgədəki əməlləri sülh proseslərinə necə təsir edir?
- Hazırda rəsmi İrəvanın törətdiyi təxribat xarakterli fəaliyyətlər dövlət əxlaqına uyğun deyil. Paşinyan hökuməti üçtərəfli bəyanat imzalayaraq təslim olduğu sazişin şərtlərinə əməl etmir. Ermənistan bu əməlləri ilə sülh prosesini uzatmaqdadır. Qeyd edim ki, zaman və şərtlər uyğun olarsa, qarşı tərəfin Azərbaycan torpaqlarına qarşı revanşist addımlar atmayacağına dair heç bir zəmanət yoxdur.
- Bəs sizcə, Azərbaycan təxribatların qarşısını almaq üçün hansı hazırlıqları həyata keçirməlidir?
- Məncə, rəsmi Bakı onsuz da Ermənistanın atacağı hər addıma hazırlıqlıdır və hazırda bu təxribatlara beynəlxalq hüquq çərçivəsində lazımi cavablar verir.
- Cənubi Qafqazda yeni müharibə ehtimalı nə qədər realdır?
- Hesab edirəm ki, regionda müharibə heç olmadığı qədər yaxındır.