Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.
Sherg;az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.
Daha sonra general-polkovnik Zakir Həsənov italiyalı həmkarı cənab Quido Krosetto ilə görüşüb.
Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.