Azərbaycan güləşçiləri Bakı-2019-u 16 medalla başa vurdular - YENİLƏNİB


Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışları başa çatıb.
APA -nın məlumatına görə, üçüncü yarış günündə 7 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Medal uğrunda qarşılaşmalar günün ikinci yarısında baş tutub. Azərbaycanın 6 güləşçisi xalça üzərinə çıxıb. Onlardan beşi qızıl, biri bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb. Nəticədə komandamız günü 4 qızıl, 1 gümüş və 1 bürünclə tamamlayıb.
Yunan-Roma güləşində Elmir Əliyev (51 kq) finalda Sanya Yakovlev (Ukrayna) ilə üz-üzə gəlib. Rəqibin kürəyini yerə vuran idmançı təmiz qələbə ilə festivalın çempionu adını qazanıb.
Xasay Həsənlinin (65 kq) finaldakı rəqibi Deni Nakayev (Almaniya) olub. Görüşün gedişində 0:2 hesabı ilə uduzan həmyerlimiz qarşılaşmanın sonluğunda əzmkarlıq nümayiş etdirərək, üç xal qazanıb və qızıl mükafata yiyələnib.
Qadın güləşində Elnurə Məmmədova (53 kq) finalda Polina Lukina (Rusiya) ilə münasibətlərini aydınlaşdırıb. Qarşılaşmaya daha fəal başlayan rəqib təmiz qələbə qazanıb. Məğlub olan idmançımız isə gümüş mükafata sahib olub.
Bürünc medal görüşünə çıxan Nigar Mirzəzadə (65 kq) Sofiya Polovçik (Polşa) ilə görüşüb. 6:6 hesabı ilə başa çatan qarşılaşmada güləşçimiz əlavə göstəricidə üstün olduğu üçün bürünc medala layiq görülüb.
Sərbəst güləşdə hər iki çəki dərəcəsində finalda Azərbaycan və Rusiya idmançıları qarşılaşıblar. Kənan Heybətov (51 kq) Rustam Dolayevi sınağa çəkib. Təmsilçimiz 8:5 hesablı əzmkar qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cəbrayıl Hacıyev (65 kq) isə Batirbek Tşkovrebov ilə görüşüb. O da komanda yoldaşı kimi əzmkar qələbə qazanıb. Rəqibini 6:5 hesabı ilə məğlub edən C. Hacıyev yarışın qalibi olub.
Beləliklə, yarışın ilk iki günündə 10 medal (4 qızıl, 4 gümüş, 2 bürünc) qazanan Azərbaycan güləşçiləri bu rəqəmi 16-ya çatdırıblar. Yığma Bakı-2019-da 8 qızıl, 5 gümüş və 3 bürünc əldə edib.
14:36
Bakıda keçirilən XV Avropa Gənclərinin Ya Olimpiya Festivalı çərçivəsində güləş yarışları bu gün başa çatır.
APA -nın məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki üzrə görüşlər keçirilir.
Azərbaycanın sərbəst güləşçilərindən Kənan Heybətov (51 kq) debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan
təmsilçimiz yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl yenən Heybətov finala çıxıb.
O, həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gələcək.
Cəbrayıl Hacıyev (65 kq) ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib.
Təmsilçimiz həlledici qarşılaşmada Batirbek Tşkovrebovla (Rusiya) gücünü yoxlayacaq.
Yunan-Roma üsulu ilə güləşən Elmir Əliyev (51 kq) ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibinə "tuşe" ilə qalib gələn həmyerlimiz adını finala yazdırıb.
O, çempionluq üçün Sanya Yakovlevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
Xasay Həsənli (65 kq) ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib.
X. Həsənli qızıl medal uğrunda Deni Nakayevlə (Almaniya) qüvvəsini sınayacaq.
Qız güləşçilərin mübarizəsində Elnurə Məmmədova (53 kq) gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb.
Birgül Soltanova (57 kq) startda Rusiya güləşçisinə uduzub.
Nigar Mirzəzadə isə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib.
Buna baxmayaraq, rəqibi finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılacaq. O, Lusi Makqratı (Böyük Britaniya) sınağa çəkəcək.
Sərbəst güləş
51 kq
1/8 final - Kənan Heybətov - İvan Terzi (UKR) 12:2
1/4 final - Kənan Heybətov - Niko Hivonen (FİN) 10:0
1/2 final - Kənan Heybətov - Nektarios Kristos Kuzupis (GRE) 12:1
FİNAL - Kənan Heybətov - Rustam Dolayev (RUS)
65 kq
Təsnifat - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 13:3
1/8 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (TUR) 10:0
1/4 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (GRE) 10:0
1/2 final - Cəbrayıl Hacıyev - Umar Mavlayev (SUİ) 10:0
FİNAL - Cəbrayıl Hacıyev - Batirbek Tşkovrebov (RUS)
Yunan-Roma güləşi
51 kq
1/8 final - Elmir Əliyev - Kristofer Andresen (NOR) 8:0
1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (ROU) 2:1
1/2 final - Elmir Əliyev - Nukri Benidze (GEO) 6:1 (tuşe)
FİNAL - Elmir Əliyev - Sanya Yakovlev (UKR)
65 kq
Təsnifat - Xasay Həsənli - Fotios Bukis (GRE) 7:0
1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (FİN) 3:1
1/4 final - Xasay Həsənli - David Loher (SUİ) 10:2
1/2 final - Xasay Həsənli - Marian Qolubovski (UKR) 7:4
FİNAL - Xasay Həsənli - Deni Nakayev (GER)
Qadın güləşi
53 kq
1/8 final - Elnurə Məmmədova - Flora Vizi (HUN) *4:4
1/4 final - Elnurə Məmmədova - Alina Rillia (UKR) 7:2
1/2 final - Elnurə Məmmədova - Patrisiya-Valeriya İurasku (ROU) 5:2 (tuşe)
FİNAL - Elnurə Məmmədova - Polina Lukina (RUS)
57 kq
1/8 final - Birgül Soltanova - Darya Manuil (RUS) 2:2*
65 kq
1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (GER) 8:0
1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (TUR) 0:10
Təsəlliverici görüş - Nigar Mirzəzadə - Lusi Makqrat (GBR)