Ötən mövsüm Azərbaycan çempionatını boykot etmiş komandalar cərimələnib. Biz həmin komandalara demişdik ki, kim basketbolun inkişafını istəyib cəriməsini ödəyəcəksə, onlar çempionata buraxılacaq.
Bunu Oxu.Az-a Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Həsənağa Rzayev bildirib.
Bu ilin yanvarında Azərbaycanın beş komandası basketbol üzrə XXVI ölkə çempionatını boykot edərək yarışlara çıxmayıb. Bu komandalar artıq cərimələnib:
“Həmin klublar federasiyanın Nizam-İntizam Komissiyası tərəfindən 1500-2500 manat məbləğində cərimələnib. Yalnız bu komandalardan “80-lər” cəriməni ödəməyə razılıq verdi deyə, onlar çempionata buraxıldı. Həmin komanda bu pulu hissə-hissə ödəyəcək. Cəriməni ödəmək istəməyən komandalar isə öz adlarından imtina etməli oldular. Belə ki, onlar yeni adla çempionata qatılmağa üstünlük verdilər.
Məlum olduğu kimi, Azərbaycan çempionatının formatı müəyyənləşib. Federasiya çempionatda, klublarda rəqabəti artırmaq üçün ölkə xaricindən legionerlər cəlb edib. Onların transferi, Bakıda yaşayışı, qidalanmasını federasiya öz üzərinə götürüb. Həmin legionerlər klublara bölüşdürüləcək. Artıq bu idmançıların çoxu Bakıdadır.
Çempionatı boykot edən komandaların döşəmənin sürüşkənliyi, suyun gəlməməsi və s. kimi bəhanələri gülünc idi. Mən həmin komandalara demişdim ki, bir günə bu problemi həll edəcəyəm, çıxın oynayın. Bunlar bir təxribatçının arxasınca gedərək boykot etdilər. Ancaq indi görüblər ki, bu bəhanələr əsassız imiş.
Həmin komandalar cəriməni ödəməmək üçün adlarını dəyişiblər. Çünki onların imkanları yoxdur. Başqa ölkələrdə cərimələr böyükdür, klublar üzvlük haqqı verirlər. Biz isə basketbolun ölməməsi üçün bütün mütəxəssislərə şərait yaratmağı hazırıq. Gəlsinlər, bir yerdə əl-ələ verib işləyək. Artıq özümüz də görürük ki, basketbol ictimaiyyətində bu çempionata maraq formalaşıb”.
Həm də Milli Olimpiya Komitəsinin əməkdaşı olan Həsənağa Rzayev onu da bildirib ki, boykot edən komandaların başında dayanmış NTD klubu bütün yarışlardan kənarlaşdırılıb. Lakin onun idmançıları başqa komandalarda çıxış edə bilər: “NTD klubuna federasiyaya aid olan bütün yarışlarda iştirak etməyə qadağa qoymuşuq. Bu, həmin klubun bütün yaş qrupu üzrə komandalarına aiddir. Onlar ayrıca çempionat da keçirə bilmir. Çünki onların bütün zallarda oynamasına qadağa qoyulub. Klub olaraq haranısa icarəyə götürüb hansısa komanda ilə yoldaşlıq oyunu keçirə bilər. Amma federasiyanın icazəsi olmadan hər hansısa rəsmi yarışda iştirak edə bilməz”.
Həmçinin basketbol millimizin sabiq üzvü Tahir Baxşıyevin yığmalardan birinə qayıtması variantı da var: “Boykot zamanı U-20 millimizin baş məşqçiliyindən öz ərizəsi ilə çıxmış Tahir Baxşıyevin U-16-ya qayıtması söhbəti var. Ən azından belə eşitmişik ki, qayıtmaq istəyir. Biz də istərdik ki, onun kimi mütəxəssislə dil tapıb işləyək”.