“Barselona”nın futbolçusu Jerar Pikenin İspaniya La Liqasının “Sevilya”ya qalib gəldiyi oyununda (4:0) qəsdən sarı vərəqə aldığı iddia edilir.
“Marca” iddia edir ki, katalon mərkəz müdafiəçisi topa fitdən sonra lazımsız yerdə zərbə vurub.
Nəticədə baş hakim Miqel Antonio Mateu Laos tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Bu onun mövsüm ərzində beşinci sarı vərəqəsi olduğu üçün futbolçu “Eybar”la növbəti turun matçını buraxmalı olacaq. Həmin matçdan sonra isə “Barselona”nı oktyabrın 26-da Madrid “Real”ı ilə “El Klasiko” gözləyir.
Məhz buna görə Jerar Pikenin “Real”la görüşdə oynaya bilməsi üçün qəsdən 85-ci dəqiqədə sarı vərəqə aldığı iddia edilir.
Qeyd edək ki, ötən mövsüm “Real”ın mərkəz müdafiəçisi Serxyo Ramos “Ayaks”la Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə sarı vərəqə almış və bunun da qəsdən edildiyi iddia edilmişdi. Lakin “Real” Hollandiya klubu tərəfindən turnirdən kənarlaşdırılandan sonra Ramosun “əməy”i faydasız qalmışdı.