Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qələbə qazanan Aydın Süleymanlı Oxu.Az-a danışıb. Onun sözlərinə görə, Şahmata marağı bağçaya gedəndə başlayıb: “Orada daxili turnir keçirildi və mən də qatıldım. 50 uşaq içində birinci yer tutdum. Həmin vaxtdan valideynlərimdən xahiş etdim ki, mənə şahmat alsınlar.
Gecə yatanda şahmatı çarpayımın yanına qoyurdum, səhər yuxudan oyanan kimi fiqurları düzürdüm, gedişlər düzəldirdim. Ailəm mənim şahmata marağımı gördü və məni şahmat dərnəyinə yazdırdılar”.
A.Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində səkkiz yaşlı şahmatçılar arasında birinci olub.
Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub.
Şahmatçı bildirib ki, xarici ölkədə ilk yarışa beş yaşı olanda qatılıb:
“Beş yaşımda Rumıniyada yarışa qatıldım. Həmin vaxt anama işdən icazə verilmədi. Mən yarışa müəllimlə tək getməli oldum. İki həftə valideynlərimdən kənarda qaldım. Xarici turnir idi, altıncı yerdə qərarlaşdım, amma bu, məni qane etmədi. Daha sonra öz üzərimdə işləməyə başladım”.
Dünya çempionu 249 saylı tam orta məktəbin doqquzuncu sinif şagirdidir. O, 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib. O, şahmatla yanaşı, dərslərini də yaxşı oxuyur.
2018-ci ildə Bakı məktəblilərinin I Forumu keçirilib. Aydın Bakı məktəblərindən 40 ən istedadlı şagird siyahısında yer tutub.
Aydın Süleymanlı qalib olması münasibətilə ona gələn təbriklərdən də danışıb:
“Biz vətənə qayıdan zaman atam aeroportda mənə dedi ki, Aydın, səni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qalib olmağın münasibətilə təbrik edib. Düzü, inanmadım və dedim ki, zarafat edirsən.
Telefonu açıb təbriki görən zaman inandım. Bu təbrik məni qürurlandırdı. Mən yarışda dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanacağıma inanırdım, amma bu qələbənin bu qədər ictimailəşməsi gözlənilməz oldu.
Təbriklər mənə motivasiya verdi, üzərimdə daha çox çalışacam ki, mənə olan ümidləri doğruldum, bayrağımızı xarici ölkələrdə dalğalandırım”.
Doqquzuncu sinif şagirdinin hədəfi elit qrossmeyster olmaq və şahmat tacını Azərbaycana gətirməkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl təcrübəli qrossmeyster Teymur Rəcəbovun Şahmat üzrə Dünya Kubokunu əldə edib.