Bu gün Gürcüstanın Batumi şəhərində kişi və qadınlar komandalar arasında XXII Avropa çempionatı start götürür. Oxu.Az xəbər verir ki, kişilərdən ibarət millimizin heyətində gözlənilməz ayrılıq baş verib.
Bir neçə gün öncə Dünya Kubokundakı yorğunluqla əlaqədar olaraq Avropa çempionatına qatılmayacağını açıqlayan Teymur Rəcəbovun yerinə Men adasında uğurlu çıxış etmiş Nicat Abbasov heyətə daxil edilsə də, o da millidən imtina edib.
Bu barədə məlumatı komandamızın lideri Şəhriyar Məmmədyarov sosial şəbəkələrdə verib:
“Milli komandamızın kapitanı Eltac Səfərli həm də oyunçu kimi oynayacaq. Nicat Abbasov yorğunluq səbəbi ilə oynaya bilməyəcək. Komandaya xoş gəlmisən, Eltac! Oynayan kapitanımız”.
Beləliklə, kişi komandamız bu heyətlə mübarizə aparacaq: Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli. Komandamızın kapitanı isə Fikrət Sideyifzadə olacaq. O, həmçinin, qadınlardan ibarət yığmamızın da kapitanı olaraq çıxış edəcək.
Xatırladaq ki, yığmamız hazırkı Avropa çempionudur. Ümumilikdə isə millimiz Avropa çempionatının üç dəfə qızıl, bir dəfə gümüş və bir dəfə də bürünc medallarının sahibi olub. Elə bu dəfə də komandamızın medal qazanmaq, hətta çempion olmaq şansları az deyil.
Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan) kimi güclü şahmatçıların yarışmadığı Avropa çempionatından medalla qayıtmaq mümkündür.
Kişilərin yarışında 40 komanda iştirak edir. Azərbaycan 2679 reytinq xalı ilə IV sıradadır. İlk üç sıra Rusiya, İngiltərə və Polşaya məxsusdur.
Qadınların yarışında isə Azərbaycan 32 iştirakçı ölkə arasında V sırada qərarlaşıb. 2383 xalı olan qadın millimizi yalnız Rusiya, Gürcüstan, Ukrayna və Polşa qabaqlayır.
Qadın millimizin heyəti lövhə ardıcıllığa üzrə belədir: Günay Məmmədzadə (2427), Xanım Balacayeva (2368), Ülviyyə Fətəliyeva (2368), Gülnar Məmmədova (2369), Türkan Məmmədyarova (2314).
Kişi komandamız ilk turda Serbiya ilə, qadın millimiz isə Latviya ilə qarşılaşacaq. Görüşlər saat 15:00-da başlayacaq.