Polşanın paytaxtı Varşavada rəsmi səfərdə olan Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kociançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.
İlk olaraq iyul ayında Bakıda gerçəkləşdirilmiş XV Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir Bakının bu yarışa hazırlığı, görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqda məlumat verib. Azad Rəhimov vurğulayıb:
“Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu yarış 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynayıb".
Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub.
Səfəri çərçivəsində nazir Azad Rəhimov BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.