Noyabrın 5-də Hamburqda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.
Dünyanın 16 ən güclü şahmatçısının mübarizə aparacağı turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək.
Ümumilikdə 21 şahmatçının gücünü sınadığı bu nüfuzlu yarış dörd mərhələdən ibarətdir. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən bundan əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-Pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.
Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaq.
Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra ilk yarışıdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.