Millimizin futbolçuları Slovakiyada dalaşıb

Avropa Çempionatının seçmə mərhələsində keçirilən Slovakiya-Azərbaycan matçının fasiləsi zamanı millimizin düşərgəsində Ramil Şeydayevlə Eddi İsrafilov arasında baş vermiş mübahisə ilə bağlı yayılan məlumatlar doğrudur.

Bu sözləri Axara.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. O, oyunçular arasındakı mübahisənin şişirdiləcək bir şey olmadığını da söyləyib:

“Birinci hissədən sonra paltardəyişmə otağında futbolçular arasında emosional söhbət olması ilə bağlı məlumatım var. Bu da təbiidir. Oyunun gərginliyi var və fasilə zamanı oyunçular bir-birilə söhbət edəndə, kimsə kiməsə irad bildirəndə adətən bunu emosional şəkildə edir. Futbolçuların bir-birinə emosional irad bildirməsi faktı var, amma bunun hər hansı bir dava ilə əlaqəsi yoxdur.

Oyundan sonra baş məşqçi özü də etiraf etdi ki, E.İsrafilov emosiyalarını cilovlaya bilmədiyindən onun Elvin Camalovla əvəzlənməsinə qərar verilib”.

F.Abdulla baş məşqçi Nikola Yurçeviçin həmin vaxt hadisəyə müdaxilə etməməsinə də münasibət bildirib:

“Ortada hər hansı dava olmadığı üçün Yurçeviçin də müdaxilə etməməsi normal haldır. Digər tərəfdən, baş məşqçi E.İsrafilovu başqası ilə əvəzləyərək, əslində, məsələyə müdaxilə edib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Slovakiyada baş tutan qarşılaşmada millimizin futbolçusu Ramil Şeydayevin ilk hissədə qeyri-fəal olan komanda yoldaşı Eddi İsrafilova sərt etirazını bildirməsi və digər futbolçuların araya girərək onların əlbəyaxa olmasının qarşısını alması haqda məlumat yayılıb. Bildirilib ki, Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə müdaxilə etməyib.

Xatırladaq ki, Slovakiyanın Trnava şəhərindəki keçirilən oyunda millimiz 2:0 hesabı ilə məğlub olub.