Elxan Məmmədov günahı Yurçeviçdə gördü: "Bu barədə qərar veriləcək"

AFFA-nın baş katibi Elxan Məmmədov İDMAN TV-nin canlı efirində qonaq olub. Baş katib “Extra time” verlişində İlkin Babanın açıq suallarını cavablandırıb:


 - Milli komandaların uğursuzluğunda AFFA günahlandırılır. Milli komandamız Avropa çempionatının seçmə mərhələsini 1 xalla son pillədə başa vurdu. Seçmə mərhələdə millinin qarşısına hansı hədəf qoyulmuşdu?

- Biz də AFFA olaraq son seçmə mərhələnin nəticələrindən razı deyilik. Dekabrda İcraiyyə komitəsinin iclası olacaq. Baş məşqçi və əsas futbolçularla bağlı qərar veriləcək. Məşqçi hesabat verdikdən sonra müqavilənin artırılıb-azaldılması məsələsi müzakirə olunacaq. Əsas futbolçularla danışıqlar olacaq. Milli komanda ölkənin birinci komandasıdır və ildə maksimum 5 oyun keçirilir. Əksər futbolçular bacardığını edir. Millinin bəzi üzvləri istənilən oyunu göstərmir. Bəziləri yorğun olur, bəziləri zədə səbəbindən və s. Narazılıq edənlər isə 2 yerə bölünür. Azarkeşlər, düzgün tənqid edən mətbuat nümayəndələri, futbol adamlarının sağlam tənqidlərinə açığıq. Bu tənqidləri nəzərə alıb, düzəltməyə çalışırıq. Biz futbol oynamırıq, bizim işimiz, AFFA-nın işi milli komandalar üçün şərait yaratmaq, təlim-məşq toplanışını təşkil etmək, 7 minə yaxın uşağın iştirakı ilə turnirlər keçirməkdir. Biz öhdəmizə düşən işi görürük. Meydanda isə oynayan futbolçulardır. Futbolçular milliyə klublardan dəvət alır. Ən yaxşı oyunçular millidə oynamaq imkanı qazanır. Məşqçini isə AFFA İcraiyyə komitəsi seçir. Məşqçi nəticə vermirsə, narazılığın olması başa düşüləndir. Berti Foqts, Prosineçki də daha çox xal qazandığı halda sonda tənqid olunub. Millətlər Liqası bizim üçün yaxşı imkan yaratmışdı. Biz də həm özümüzün, həm azarkeşlərin, həm futbol ictimaiyyətinin, bir sözlə, hər kəsin istəyi ilə işi Qurban Qurbanova tapşırdıq. Qurbanov ölkənin ən uğurlu məşqçilərindəndir. Biz də düşündük ki, Qurbanov milliyə uğur gətirə bilər. Eyni vaxtda həm “Qarabağ”ı, həm də millini çalışdırmaq çətin oldu. Millətlər Liqasında uğursuz olduq, yenə tənqidlər başladı. Yurçeviçi seçmə mərhələyə 1 ay qalmış dəvət etdik. Tanınmış məşqçi deyildi, düşündük ki, çətin qrup olsa da, Yurçeviçlə uğurlu nəticə əldə etmək olar. Yekun nəticədən biz də razı qalmadıq. İkinci qrup isə süni tənqid edən insanlardır, bunlar jurnalist adından istifadə edənlər və ya danışılmış oyunlarda iştirak edib futboldan uzaqlaşdırılan insanlardır.

- Futbolumuzun uğursuzluğunda günahlandırılan əsas adlardan birisiniz. Elxan Məmmədov Azərbaycan futbolu üçün nə iş görür? Öz işinizi necə qiymətləndirirsiniz?

- Bu sualı İcraiyyə Komitəsinin üzvlərindən soruşmaq daha düzgün olar. Mən özümə qiymət verə bilmərəm. AFFA-da çalışan insanlar futbolla yaşayan insanlardardır. Bizə verilən tapşırıqları çalışırıq yerinə yetirək.

 - Deyirlər ki, Elxan Məmmədov istefa versə hər şey düzələcək… Siz necə düşünürsünüz?

 - Rəhbərliyim düşünsə ki, mən getsəm Azərbaycan Dünya çempionatına vəsiqə qazanacaq, elə mən özüm də gedərəm. Ancaq bu gülməli səbəbdir. Biz bir çox insanların pis işlərinə mane oluruq. Ona görə də belə fikirlər yayılır.

 - AFFA-ya seçkilərdə namizədliyinizi vermək istəmirsiniz?

- Mən icraçıyam, xarakter və peşəmə uyğun olaraq, ali rəhbər olmaq istəmirəm. Rəhbər olmaq daha çətindir. Mən icraçı kimi fəaliyyətimi davam etdirsəm daha yaxşı olacaq.

- Fəaliyyətiniz müddətində ən çox müzakirə olunan məsələlələrdən biri də klubların sayının azlığı və bölgə futbolu problemidir.

- Biz düşünürük ki, çempionatda 10 komanda iştirak etməlidir. Ancaq iş adamları, sponsorlar və maliyyə dəstəyi yoxdursa, biz nə edə bilərik. Bəzən klublar lazım olunan sənədləri təqdim etmirlər, maliyyə mənbələrini göstərmirlər. Bir neçə il əvvəl Premyer Liqada iştirak etmək istəyən klub rəhbərliyi müraciət etdi. Biz də lisenziya vermək üçün sənədləri istədik, ancaq təqdim etmədilər. Media çox yazdı, AFFA-nı günahlandırdı. 3 ay sonra klubun rəhbərliyi həbs edildi. Hazırda da məhkəmə işi davam edir. Bölgə futboluna gəlincə, biz AFFA olaraq çalışırıq dəstək olaq. “Kəpəz”ə dəstəyimizi bilirsiniz, “Turan-Tovuz”a dəstək oluruq, hazırda AFFA-nın maliyyə dəstəyi ilə Tovuzda stadion tikilir. Tək AFFA-nın gücü çatmır. İcra hakimiyyətləri, yerli iş adamları bu işdə dəstək olmalıdırlar. Biz Azərbaycan futbolunun inkişaf fondu ilə bacardığımız qədər dəstək olmağa hazırıq, oluruq da, ancaq Premyer Liqada iştirak üçün daha çox dəstək lazımdır.

- AVRO-2020, 1 xal. Yuçeviçin qarşısına qoyulan hədəf nə idi, əməkdaşlıq davam etdiriləcəkmi?

- Məqsəd o idi ki, biz qrupda xal qazanaq, son pillədə olmayaq. Həm də bu seçmə mərhələnin AÇ-da iştirak etmək üçün bizim üçün son şans olduğunu bildirdik. Baxmayaraq ki, rəqiblər bizdən qat-qat güclü idi. Hər zaman komandanın yanında olduğuma görə bilirəm ki, komanda olaraq istəyimiz hər oyunda 3 xal qazanmaq idi. İldə 5 oyun keçirilir. Futbolçular meydanda ən yaxşı oyunlarını göstərirlər. Bəzən rəqiblərin gücü də öz sözünü deyir. Klublar da yaxşı və pis nəticə göstəriləndə də AFFA günahkar elan olunur. “Neftçi”, “Qəbələ” və “Qarabağ” uğurlu çıxış etdikdə, qruplara vəsiqə qazandıqda heç kim yazmır ki, çempionatımız zəifdir. “Qarabağ” ÇL-da, Avroliqada qrupda mübarizə aparırsa, Azərbaycan çempionatında qalib gələrək iştirak edir. Ad çəkmək istəməzdim, ancaq götürəm son seçmə mərhələdə yaxşı çıxış edən Bəhlul Mustafazadəni. Bəhlul U-12 komandası ilə Danon kubokunda iştirak edib, daha sonra “Qəbələ”yə dəvət alıb. Bəhlul digər klublar və milli üçün nümunədir. Uğur bölgədə çalışan bir məşqçidən başlayır. Biz Azərbaycan futbol ailəsi ifadəsini tez-tez işlədirik. Bəhlulu çox tərifləmək istəmirəm, gəncdir ulduzluq xəstəliyinə tutula bilər. Ancaq bizim belə futbolçulara ehtiyacımız var. Emil Balayevi götürək, AFFA onu “Aytraxt” klubuna göndərdi. 1 il orda məşq etdi. Bizi tənqid edirdilər ki, orda oynamır, gəlsin bizdə oynasın. Sonra Premyer Liqaya qayıtdı. İndi də “Tobol”da yaxşı çıxış edir. Mahir Mədətov da bütün milli komandalarda oynayıb. Onlar da hansısa yarışda, liqada iştirak edərək ortaya çıxıblar. Heç kim zəmanət vermir ki, bu nəsil Berti Foqts dönəmində olduğundan yaxşı olar. Klub yaxşı oynamayanda baş məşqçi tənqid edilir. Məsələn, “Bavariya” ÇL qalibi ola bilmir, uğursuzluq zamanı baş məşqçini dəyişirlər, azarkeşlər də məşqçini tənqid edirlər, rəhbərliyi yox. Eləcə də son günlərdə “Tottenhem”in Poçettinonu istefaya göndərməsini qeyd edək. Klub rəhbərliyi istefa versin deyilmir, baş məşqçi göndərilsin istənir. Çünki rəhbərliyin öhdəliyi lazım olan imkanları yaratmaqdır.

- AFFA Yurçeviç məsələsində səhvini etiraf edir?

- Bunu İcariyyə Komitəsi deməlidir. Ədalətli olmalıyıq. Biz sonuncu olmamalı, yaxşı nəticə göstərməyi məqsəd qoymuşduq. Yurçeviçin hesabatını dinləməliyik. Onunla müqavilə müddəti bitir. İclasda yekun qərar veriləcək.

- AFFA 5 il nəticə qazanmayıb, yarışda sadəcə iştirak edərək futbolçu yetişdirmək barədə düşünə bilər?

- Bunu etmək çətindir. Meydana çıxan komandanın qarşısına qələbə qazanmaq məqsədi qoymuruqsa, nəticə tələb etmiriksə, meydana çıxmağın nə önəmi var? Bizdə hazırda yeni nəsil yetişir. Bu komanda ilə nəticə qazanacağımıza ümid edirəm. 20 ay əvvəl İcraiyyə komitəsinin iclası idi. Bir təkliflə çıxış etdik və futbol mütəxəssislərindən 2-si mənfi rəy bildirdi. Rövnəq Abdullayev bildirdi ki, yeni təklif hazırlansın. Yeni təklifdən sonra da mütəxəssislər bildirdi ki, bu yaxşı təklif deyil və nəticədə qəbul olunmadı. 1 nəfər də narazıdırsa, həmin təklif yenidən işlənir, hamının razılığı ilə qəbul olunur. Biz Məşqçilər Komitəsinin fəaliyyətinə imkan yaradırıq. Hər məşqçiyə qapımız açıqdır. Futbolçuları klublar yetişdirir, AFFA şərait yaradır. Azərbaycan futbol ailəsinin üzvləri üçün AFFA-nın təlim-məşq bazaları hər zaman açıqdır.

- “Qəbələ” klubu qışdan sonra sponsorsuz qalır. AFFA dəstək olacaq?

- Bu barədə İcraiyyə komitəsinin iclasında danışılacaq. “Qəbələ” Azərbaycan futboluna son ilərdə müsbət nəticələr verib. Bəhlul Mustafazadə ilə yanaşı bir çox futbolçular yetişdirib. Bu klubun fəaliyyətini dayandırmasını istəmirik. Klubun bazası, Qəbələdə futbol üçün yaradılan şəraitin məhv olmasına imkan vermək olmaz.

- U-21 millimizin Obradoviçlə nəticələrini necə dəyərləndirirsiniz?

- Obradoviç ilk dəfə seçmə mərhələdə iştirak edirdi. Hazırda 6 xalımız var. Qrupda hələ oyunlarımız var. Slovakiya ilə oyunda 3-1 qələbə qazandıq. Lixteynşteynlə oyunda da 3 xal qazandıq. İsveçə qarşı yaxşı oyun göstərsək də uduzduq. Obradoviçin işindən hələki razıyıq. U-21 milliyə futbolçu ötürən körpüdür. Məşqçisi əvvəllər də, indi də əsas milinin baş məşqçisi ilə əməkdaşlıq edir.

- U-19 Samir Əliyev çalışdırır.

- Komanda 3 xal qazandı. Samir müəllim üçün ilk müqavilə yeni imzalanmışdı. Onunla iş davam etdiriləcək. Əməkdaşlıq başlayanda 0 xal qazanılmasa, 2 il çalışacağı barədə danışıq olmuşdu.

- Danışılmış oyunlar barədə işlər görülür, niyə klublara sərt cəzalar verilmir?

- Açıq deyim, burda söhbət klublardan yox, fərdi futbolçulardan gedir. Bu danışılmış oyunların qarşısını almaq çox çətindir. Almaniyada, Ukraniyada 50-dən çox insan futboldan uzaqlaşdırılıb. Almaniya və digər Şərqi-Avropa ölkələrində belə bu kimi neqativ hallara rast gəlinir. Qarşısını almağa çalışırıq. Adlar da çəkə bilərəm, ancaq araşdırma gedir deyə, ad çəkə bilmərəm. Məxfi komissiyada məşqçi rəylərini mühafizə orqanlarına təqdim edirik. Onlar da cinayət məcəlləsinə əsasən müvafiq qərarlar verəcək. Bu iş mütəmadi olaraq davam edir. Biz hər yerdə “danışılmış oyunlar” problemini aradan qaldırmağa çalışırıq. AFFA idman nəticələrinin manipulyasiyasına imkan vermirn. Sevindirici məqam odur ki, Premyer Liqamız təmizdir.

- Hakimlər komitəsinin işini necə dəyərləndirirsiniz?

- AFFA İcraiyyə Komitəsi düzgün qərar qəbul edib. AFFA və İcraiyyə Komitəsi UEFA ilə danışıqlar apararaq belə qərar verdi. Hakimlərimiz bütün çirkinlikdən uzaqdırlar. Yeni sistem quraraq 2 komitəni birləşdirdik. Gənc hakimlərin sayının artmasına şərait yaratdıq. Bizi sevindirən fakt odur ki, bizim hakimlərə beynəlxalq oyunlarda dəvətlərin sayı artır. Millimiz hələ ki, bizi sevindirmir, hakimlərimiz isə yaxşı idarəçilik göstərirlər. İkinci Tofiq Bəhramovun ortaya çıxmasını istəyirik. Çempionatımızda idarəçilik səviyyəsinə gəlincə, qənaətbəxşdir. Səhvlər isə bəzən olur. Hakimlərə kömək üçün VAR sisteminin tətbiqinə çalışacağıq. Yanvarda iş başlayacaq və 18 ay ərzində VAR sisteminə keçiriləcək. VAR-ın tətbiqində diqqətli olmalıyıq. Bəzi ölkələrdə hər epizodda təkrara baxılmaq tələb edirlər. Biz belə olmasını istəmirik. VAR-ın ən yaxşı tətbiq olunduğu liqalardan biri Niderlanddır. Bəzi ölkələrdə isə VAR-ın tətbiqində problemlər var.

- AVRO-2020-nin oyunları Bakıda keçiriləcək. Bu barədə fikirləriniz?

- Bu il biz böyük futbol bayramı yaşadıq. Avropa Liqası finalından sonra, sevindirici haldır ki, AVRO-2020-nin də təşkil olunduğu 12 meydan sahibi şəhərdən biriyik. 4 oyun olacaq, bu bizim üçün böyük futbol bayramı olacaq. Avropa Liqası finalından sonra bu ölkədə təşkil olunan ən böyük idman yarışı olacaq. Azarkeşləri bilet alıb bu bayramın iştirakçısı olmağa dəvət edirik.