Moskva "Dinamo"sunun və futbol üzrə millimizin forvardı Ramil Şeydayev UEFA tərəfindən AVRO-2020-nin seçmə mərhələsinin yekunlarına görə Azərbaycan yığmasının ən yaxşı oyunçusu seçilib.
Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) reytinqinə əsasən, Şeydayev Azərbaycan yığmasının digər iki oyunçusunu - qapıçı Emil Balayev və müdafiəçi Bəhlul Mustafazadəni qabaqlayıb. Azərbaycan yığması özü isə AVRO-2020-nin seçməsində uğursuz çıxış edib və bir xalla "E" qrupunda sonuncu yeri tutub.
Sputnik Azərbaycan-a müsahibəsində Ramil Şeydayev AVRO-2020 ilə bağlı gözləntilərini bölüşüb və Azərbaycan yığmasının seçmə mərhələsindəki oyununu şərh edib.
- Siz qarşıdakı AVRO-2020-dən nə gözləyirsiniz?
- Etiraf edim ki, mən Azərbaycan yığmasının futbolçusu kimi AVRO-2020-dən artıq xüsusi olaraq nə isə gözləmirəm. Çünki bizim komanda bu turnirdə çıxışını başa vurub. İstərdim ki, bütün matçlar Bakıda rahat keçsin. Bundan əlavə istəyərdim ki, Bakı matçlarını daha çox azarkeş ziyarət etsin, görüşlərin özü isə maraqlı mübarizə şəraitində keçsin. Ümumilikdə isə ümid edirəm ki, AVRO-2020 maraqlı olacaq. Çünki bu unikal reqlament əsasında keçirilən xüsusi turnirdir.
- Yeri gəlmişkən, 12 ölkənin təşkilatçı qismində çıxış etdiyi reqlamenti necə qiymətləndirirsiniz?
- Mənim nəzərimcə, burada xüsusi heç nə yoxdur. Çünki AVRO-2020 matçlarının təşkilatçı ölkələri bir-birindən o qədər də uzaqda yerləşmir. Ona görə də milli yığmalar bir şəhərdən digərinə getməkdə heç bir çətinlik çəkməyəcək. Həmçinin matçlar heç hər iki gündən bir də keçirilməyəcək. Odur ki, futbolçular problemsiz bərpa oluna, digər ölkəyə uça və dincələ bilir. İstənilən halda AVRO-2020-nin final mərhələsində oynayan futbolçulardan turnirin bu sistemlə keçirilməsi barədə fikirlərini öyrənmək olar.
- Bakı AVRO-2020 matçlarını keçirməyin öhdəsindən gələcək?
- Bakı heç bir xüsusi problem olmadan AVRO-2020-nin matçlarını öz ərazisində keçirəcək. Azərbaycanın paytaxtında hər il böyük idman yarışları keçirilir, eyni zamanda bu il Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalı keçirildi, həmçinin şəhərin küçələrində hər il "Formula-1" yarışları keçirilir. Odur ki, bu məsələdə heç bir problemin olmayacağından əminəm.
İnanıram ki, indiyədək Bakıda olmayan yığma komandaların buradan xoşu gələcək. Bakı çox gözəl və rahat şəhərdir. Mən hələ indiyə qədər Azərbaycanın paytaxtı haqqında heç kəsdən neqativ bir söz eşitməmişəm. Çoxları Bakıda olmaq, istirahət etmək və vaxt keçirmək istəyir. Hamının AVRO-2020-nin təşkilatçılığından razı qalacağına inanıram.
- 2020-ci ilin iyununda (13, 17 və 21 iyun) Bakıda AVRO-2020-nin matçları keçiriləcək. Həmin vaxt (5-7 iyun) Bakı həm də "Formula-1" yarışlarını qəbul edəcək. Azərbaycan paytaxtında qısa vaxtda belə miqyaslı tədbirləri qəbul etmək sizcə çətin olmayacaq?
- Düşünürəm ki, əgər Azərbaycan belə böyük tədbirləri bir ayın içində keçirməyi öhdəsinə götürübsə, deməli, bunu necə edəcəklərini və necə düzgün təşkil edəcəklərini bilirlər. Əlbəttə, təşkilatçılar bütün zəruri resursları səfərbər etməli olacaqlar. Eyni zamanda, ümid edirəm ki, hər şey yaxşı olacaq. Yenə deyirəm, Bakı ilk dəfə deyil belə irimiqyaslı yarışlara ev sahibliyi edir. Belə tədbirləri keçirmək təcrübəsi bütün planları yerinə yetirməyə imkan verəcək.
- Sizin fikrinizcə, niyə Azərbaycan yığması AVRO-2020-yə vəsiqə qazanmaq uğrunda mübarizə apara bilmədi?
- Hesab edirəm ki, bizdə hər şeydən əvvəl özünəinam yox idi. Yəqin bu, onunla bağlıdır ki, komandada xeyli gənc futbolçu oynayır. Onlar seçmə mərhələdə heç də özlərini pis göstərmədilər. Əlbəttə ki, bu sualı Azərbaycan yığmasının baş məşqçisinə ünvanlamaq daha yaxşı olardı.
Seçmə mərhələdə uğursuz çıxışımıza baxmayaraq, biz tez-tez rəqiblərimizə zərbə endirirdik. Az da olsa, Azərbaycan yığmasının oyununda pozitiv məqamlar var idi. Ümid edirəm ki, gələcəkdə digər komandalarla mübarizə aparıb Avropa və ya Dünya çempionatlarının əsas mərhələsinə vəsiqə uğrunda mübarizə aparacağıq.
- AVRO-2020-nin oyunlarının keçirilməsi Azərbaycan futbolunun inkişafına təsir edə bilərmi?
- Sözsüz ki, AVRO-2020-nin keçirilməsi Azərbaycan futbolçularının yalnız xeyrinədir. Avropanın aparıcı komandalarının iştirakı ilə keçiriləcək matçları uşaqlar canlı olaraq görə biləcəklər. Uşaqlar nə qədər Avropanın futbol ulduzlarını öz gözləri ilə görsələr, onların taleyini yaşamağı daha çox istəyəcəklər. Ümid edirəm ki, AVRO-2020 bütün Azərbaycan futboluna əlavə stimul verəcək.
- Bakıda hansı komandaları görmək istəyirsiniz?
- Mənim üçün o qədər də fərqi yoxdur, çünki mən onsuz da AVRO-2020 çərçivəsində Bakıda oynamayacağam (gülür). Futbol həvəskarları üçünsə əlbəttə ki, əgər Avropanın İngiltərə, İspaniya, Fransa, Almaniya və digərləri kimi top komandaları oynasalar, daha yaxşı olar. Adlı-sanlı yığma komandların gəlişi Azərbaycana daha çox xarici turist cəlb edəcək ki, bu da ümumi fayda gətirəcək.