Tanınmış türkiyəli mütəxəssis Engin Fıratın futbol üzrə Azərbaycan milli komandasına baş məşqçi postuna gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin cəlbedici təkliflərə baxmayaraq, Moldova millisinin baş məşqçisi vəzifəsindən istefa etmək barədə düşünmür. Türkiyəli mütəxəssis hazırkı işindən məmnundur və onu dəvət edən Azərbaycan Futbol Federasiyasının təklifini qəbul etməyə hazır deyil.
Virtualaz.org xəbər verir ki, bu barədə Moldovanın moldfootball.com portalına verdiyi müsahibədə E. Fırat özü bildirib. O, qeyd edib ki, bu məsələ il yarım əvvəl gündəmə gəlmişdi.
“Bir neçə gün əvvəl mənə bir agent zəng eləmişdi, çətin ki, AFFA-nı təmsil edirdi, mən ona birbaşa bildirdim ki, bu mümkün deyil. Bundan sonra məlumatı Türkiyə və Azərbaycan mediası yazdı. Əvvəlcə buna ciddi yanaşmadım, amma məlumatın yayıldığını görəndə Azərbaycan mətbuatına rəsmi açıqlama verdim. Dedim ki, AFFA-nın mənimlə maraqlanması mənim üçün şərəfdir, amma artıq Moldovada layihəyə başlamışam, çox enerji sərf etmişəm və ayrılma ehtimalını da düşünmürəm. Gələcəkdə nə olacağı məlum deyil, amma indi heç bir danışıqdan söhbət gedə bilməz”, - E. Fırat deyib.
Eyni zamanda, Fırat Moldova Futbol Federasiyasının onunla hələ də rəsmi müqavilə bağlamamasında heç bir problem görmür: “Leonid Oleyniçenko ilə mən bir-birimizin əlini sıxmışıq və bu mənim üçün artıq müqavilə deməkdir. Doğrudur, hələ kağız üzərində saziş yoxdur, çünki bunun üçün İcraiyyə Komitəsi toplanmalı və məsələ təsdiqlənməlidir. Bundan sonra sənədlər rəsmi olaraq imzalanacaq. Mən bunda heç bir problem görmürəm ", -deyə mütəxəssis əlavə edib.