Yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında ötən illərin statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb.
Oxu.Az xəbər verir ki, 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Fərid Ağayev (-76 kq) və Osman Osmanlının (+76 kq) qızıl, Ayla Rzazadənin (-59 kq) gümüş medala, Əminağa Quliyevin (-61 kq) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması əvvəlki illərdə qeydə alınan göstəriciləri yeniləyib.
Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev yarışın iki günündə nəticənin digər qitə çempionatlarında əldə edilən göstəricilərdən bir gümüş medal fərqi ilə üstün olduğunu bildirib.
Hazırda Azərbaycan karateçiləri 52 ölkə arasında ümumi komanda hesabında Türkiyədən sonra dörd qızıl, bir gümüş və bir bürünc medalla ikinci yeri tutur. İdmançılarımız bütün medalları ilk pillənin sahibindən fərqli olaraq katada yox, məhz kumite çıxışlarında, o cümlədən fərdi mübarizədə qazanıb. Yeniyetmə və gənclərdən ibarət millimiz son üç ildir ki, ardıcıl olaraq rekordu yeniləyir. Dünya Karate Federasiyasının (WKF) internet səhifəsində günün yekunlarına aid məlumatda Azərbaycan karateçilərinin uğuru qeyd edilib.
Xatırladaq ki, yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatına 52 ölkədən 1155 idmançı qatılıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib.