Əfsanəvi Braziliya futbolçusu Pelenin oğlu Edino atasının səhhətindən danışıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Edino atasının səhhətinin yaxşı olmadığını bildirib.
"O, kifayət qədər zəifləyib. Bud-çanaq oynağından cərrahi əməliyyat keçirdi və bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var. Bunlar isə öz növbəsində onun depressiyasına səbəb olur. Təsəvvür edin, o (futbol-red) kraldır, həmişə futbol dünyasında nüfuzlu fiqur olub, amma indi normal gəzə bilmir. Bundan utanır. Küçəyə çıxmaq, özünü nümayiş etdirmək, çöldə olmaq istəmir, heç nə etmək istəmir. O, utancaq olub, rahib həyat tərzi keçirir", - deyə Edino bildirib.
Xatırladaq ki, Pele üçqat dünya çempionudur. Futbol əfsanəsinin 79 yaşı var.