Ali Məhkəmədə “Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov Oxu.Az-a açıqlqmasında deyib ki, məhkəmə idmançının şikayətini təmin edib və onun cəzasını altı il altı aydan üç ilə endirib. Vəkil bu qərarın ədalətsiz olduğunu deyərək, yaxın zamanlarda məsələ ilə bağlı mətbuat konfransı keçirəcəklərini qeyd edib.
Xatırladaq ki, Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə üç il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını ağırlaşdıraraq altı il altı ay etmişdi.
İş üzrə zərərçəkmiş şəxs - Ehram Məcidovun qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi.
Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar şəkildə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.