Fevralın 14-də qadın güləşçimiz Elis Manolova Romada Avropa çempionatında gümüş medal qazanıb.
Mübarizəyə 1/4 finaldan qoşulan E.Manolova (65 kq) startda dünya və ikiqat Avropa çempionu Petra Olliylə (Finlandiya) qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən təmsilçimiz ardıcıl üçüncü dəfə Avropa çempionatının finalına adlayıb. Ancaq təmsilçimiz titulunu qoruya bilməyib. Bolqar rəqibinə uduzan güləşçimiz bu dəfə gümüş medalla kifayətlənib.
Milli komandamızın digər üzvü Tatyana Omelçenko (62 kq) isə çempionatın bürünc medalına sahib olub.
Beləliklə, qadın güləşi üzrə yığmamız Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vurub.
Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.