UEFA AVRO-2020-nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb. Qurumun rəsmi saytı xəbər verir ki, qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri bəlli olub.
Türkiyə millisi Avropa çempionatının startına kimi 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq "ay-ulduzlular" 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcəklər. Şenol Güneşin baş məşqçi olduğu kollektiv növbəti yoldaşlıq görüşlərini may və iyun aylarında keçirəcək. Mayın 26-da Antalyada Azərbaycan millisi ilə qarşılaşacaq türklər iyunun 1-də Osiekdə Xorvatiya yığması ilə oynayacaq.
İsveçrə seçməsi martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteyn millisi ilə qarşılaşacaq.
Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcəklər.
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.