8-10 may tarixlərində Bakıda keçiriləcək ənənəvi cüdo üzrə Böyük Dəbilqə turniri ləğv oluna bilər.
Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu məlumat verib.
O bildirib ki, ölkədə tətbiq olunan xüsusi rejimlə bağlı Beynəlxalq Cüdo Federasiyasına (IJF) məktub ünvanlayıblar:
“Bildiyiniz kimi, koronavirus təhlükəsinə görə, aprelin 30-dək nəzərdə tutulmuş Rabat, Tbilisi, Antalya Qran Priləri, eləcə də Yekaterinburq Böyük Dəbilqə yarışı ləğv olunub. Bu üzdən iyunda Macarıstandakı Böyük Dəbilqə və Çindəki Qran Pri yarışları Olimpiya lisenziya xalı verən yarışlar hesab ediləcək.
1-3 mayda Praqada keçirilməli olan Avropa çempionatı 19-21 iyuna salınıb. Bizim yarış da may ayına düşür. Biz idman tədbirlərinin keçirilməməsi ilə bağlı Azərbaycan hökumətinin qərarını IJF-ə çatdırmışıq. Düzdür, bu xüsusi rejim aprelin 14-dək nəzərdə tutulub. Ancaq bu müddətin sonradan uzadılması da mümkündür.
İstənilən halda, biz federasiya olaraq üzərimizə düşəni yerinə yetirib IJF-i bununla bağlı məlumatlandırmışıq. Böyük ehtimalla, gələn həftə onlar bizə bu haqda qərarını bildirəcək”.
Qeyd edək ki, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb. Həmçinin 25-29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunur.