“A seriyasında mövsüm başa çatdırılacaq. Mən indi heç nəyi vəd edə və təminat verə bilmirəm. Amma nikbinəm və əminəm”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksader Çeferin deyib.
Koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünün necə yekunlaşması ilə bağlı təzadlı fikirləri sıralayan qitə futbol qurumun rəhbəri növbəti fərqli ifadə səsləndirib. Bir neçə gün öncə çempionatı bərpa etmədən hazırkı cədvəli yekun kimi tanıyan liqaları sanksiyalarla hədələyən Çeferin assosiasiyaların belə addımını məqbul saymağa başlayıb: “Hər şey hər bir ölkədə olan vəziyyətdən asılı olacaq. A seriyasının rəhbərliyi UEFA-nın səlahiyyətinə daxil deyil. Amma mən təminat verirəm ki, biz insanların həyatını təhlükəyə məruz qoymayacağıq. Biz hökumətlər yaşıl işıq verən kimi hər liqaya uyğun həll yolu tapmaq üçün hamını dinləməyə hazırıq. “Liverpul”un titulsuz qala biləcəyi bir variant görmürəm. Əgər çempionat davam etdirilsə, onlar demək olar İngiltərə Premyer Liqasında qələbə qazanacaq. Amma əgər mövsüm bərpa olunmasa, hansısa yolla hər liqada nəticələri elan etmək lazım gələcək. Çempionlar Liqası və Avropa Liqasına gəlincə, biz gözləyirik ki, dayanana qədər keçirildiyi formatda başa çatsın”.
Qeyd edək ki, Belçika liqası çempionatda indi mövcud olan nəticələri tanımağa qərar verib. Aprelin 15-də təsdiqlənməli olan bu qərar UEFA-dan sərt reaksiya ilə qarşılanmış, bu ölkənin komandalarının avrokuboklara buraxılmayacağı bildirilmişdi.