"Beşiktaş"ın vitse-prezidenti: "Mövsüm ləğv edilməlidir"


"Düşünürəm ki, cari mövsüm ləğv edilməli və elə hesab etməliyik ki, çempionat bu il keçirilməyib. Xaotik vəziyyət yaranıb".

Apasport.az saytının məlumatına görə, bunu "Beşiktaş"ın vitse-prezidenti Adnan Dalqakıran deyib.

İstanbul klubunun rəsmisi bütün dünyada çempionatların bərpa edilməyəcəyini düşünür. O, mövsümün ləğvini təklif edib: "Çempionatlar azarkeşlərlə keçiriləcəksə, dünyada koronavirus təhlükəsinin keçdiyi anlamına gəlir. Digər tərəfdən də ABŞ-da Trampın yanındakı adam vəziyyətin il yarım davam edəcəyini deyir. İnsan xoş sözlər eşitmək istəyir. Şəxsən mənim fikrimcə, bu il çempionatlar keçirilməyəcək və mövsümün bura qədərki matçları da baş tutmamış kimi nəzərə alınmalıdır. Bir futbolçuya nəsə olsa, hamımız vicdan əzabı yaşayarıq".

Adnan Dalqakıran bütün komandalar kimi, "Beşiktaş"ın da ciddi maliyyə itkisinə uğrayacağını təsdiqləyib.

Qeyd edək ki, Türkiyə Superliqası XXVI turdan sonra dayandırılıb. Hazırda "Trabzonspor" və "Başakşəhər" 53 xalla liderliyi bölüşdürürlər. Aktivində 44 xal olan "Beşiktaş" isə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.