"Siyasətçilər evdə oturaraq bəyanat verə bilərlər, amma idmanda belə imkan yoxdur" - Tanınmış  yazar

"Sanki boksçu nakauta düşüb, şahmatçı mat olub, futbolçu stadiona topsuz çıxıb..."

Koronavirus pandemiyası mediaya da ağır zərbə oldu. Məlum olduğu kimi, jurnalistlərin işi bu və ya digər hadisə ilə bağlı ictimaiyyətə informasiya təqdim etməkdir. İndi isə nə hadisə var, nə də informasiya.

Hamı evə çəkilib və eyvanlardan həsrətlə şəhərə baxaraq koronavirusun bitəcəyi günü gözləyir. Bəzən də diqqətlə xəbərləri izləyir, aparıcının "Gözün aydın, insanlıq!" sözləri ilə başlayan müjdəsinin intizarında qalırıq...

 İndi  bütün sahələrdə nə isə bir qərar qəbul etmək, təşəbbüs göstərmək, nəticədə hadisə yaratmaq mümkündür. İdmandan başqa. Bunun üçün gərək zallar, klublar işləsin, stadionlar qələbə uğrunda mübarizə aparan iki tərəfin azarkeşləri ilə dolu olsun. Deməli, idman jurnalistlərinin işləri, ümumiyyətlə, çətindir.

Bunu nəzərə alaraq tanınmış idman yazarı, "Sport24" saytının baş redaktoru Ceyhun Əliyevlə həmsöhbət olduq. O, "Sherg.az" ın suallarını səmimi cavablandırdı:
 
 - Ceyhun müəllim, "4-cü hakimiyyət" nümayəndəsi kimi pandemiya barədə nə düşünürsünüz?

 - İki ali təhsilim olsa da, tibbi biliklərim koronavirus haqqında danışa biləcəyim qədər çox deyil. Amma infeksiyanın varlığına inanıram. "Mənim tanıdıqlarımdan heç biri yoluxmayıb" fikrini qəbul etmirəm. İnsanın üç min, lap beş min tanışı olar. Söhbət isə bütün respublikadan, dünyadan gedir.

  - Bəs hökumətimizin gördüyü tədbirləri necə qiymətləndirirsiniz?

  -Dövlət məsələyə çox çevik  və həssas münasibət göstərdi. Hətta, bəlkə, ÜST-ün dediklərindən də çox qabaqlayıcı tədbirlər gördü. Nəticəsi isə göz önündədir. Çünki ən vacib məqam vətəndaşın sağlamlığıdır.

- Pandemiya idman mətbuatımıza necə təsir etdi?

- Dinamika itdi. Bəlkə, siyasətçilər evdə oturaraq da bəyanat verə bilərlər. Amma idmanda belə imkan yoxdur. Nəticədə material qıtlığı yarandı. Yazıların məzmunu təkrarlanmağa başladı. Amma biz vəziyyəti sabit saxlamaq, auditoriyamızı qorumaq üçün müxtəlif çıxış yolları fikirləşdik.

- Nə kimi çıxış yolları?

- Əvvəl futbol üzrə Azərbaycan Premyer Liqasının komandaları arasında futbol tariximizə həsr edilmiş bilik yarışı keçirdik. Bu, böyük rezonans yaratdı. Sonra növbəti bir layihə ilə çıxış etdik və bu dəfə veteran futbolçular arasında analoji yarışmanı keçirməyi qərara aldıq. "İdman" televiziyası bizə bu layihəni birgə keçirməyi təklif etdi. Nəticədə artıq hər həftənin şənbə, bazar günləri bizim ideya müəllifi olduğumuz "Ulduzların yarışı" layihəsi "İdman" televiziyasının efirində yayımlanır. 

- Bəs idmançılar karantin dövrü bitdikdən sonra bu çətin günləri unudub, işlərinə köklənmək üçün nələr etməlidirlər?

- Pandemiyanın təsiri ən azı bir il çəkəcək. Təkmübarizlik idman növlərində çıxış edənlərin işi daha asan olacaq. Onlar psixoloqun, məşqçinin köməyi ilə vəziyyətə tez bir zamanda adaptasiya olacaqlar. Lakin komanda oyunlarında vəziyyət başqa cürdür. İdmançılar istər- istəməz bir- birlərinə yaxın durmaqdan çəkinəcək, hər dəfə irəliyə doğru addım atanda "sosial məsafə" prinsipini yada salacaqlar.

- Tamaşaçılar da futbolsuz, həyəcansız qalıblar...

- Belə təhlükəli zamanda tamaşaçının özünü düşünməsi eqoistlik olar. Futbolçu niyə sağlamlığını təhlükəyə ataraq tamaşaçı üçün stadiona çıxıb, top qovmalıdır? Amma ekran qarşısında əyləşənləri unutmamaqdan ötrü müxtəlif layihələrlə çıxış etmək mümkündür.  Məsələn biz idman ictimaiyyəti arasında intellektual yarışlar keçiririk.  Digərləri də başqa ideyalar versinlər.

- Son vaxtlar tanınmışlar arasında kompüter oyunları yarışı da təşkil edilir...

- Hə. Lakin, məncə, bu, yaxşı təşəbbüs deyil. Çünki robotlaşma, kompüterdən asılılıq yaradır. Uşaq vaxtı bizi həyətdən evə gətirə bilmirdilər. İndikiləri də evdən həyətə, havaya çıxarmaq olmur. Halbuki biz də futbol oynayırdıq, onlar da futbol oynayırlar..

- Bu fors-major hadisəni idman dili ilə necə izah edə bilərsiniz?

- Sanki boksçu nakauta düşüb, şahmatçı mat olub, futbolçu stadiona topsuz çıxıb...

- Bəs necə olacaq?

- Nikbinliyimizi qorumalıyıq. Ya özümüzü asmalı, ya da gələcəyə ümidlə baxmalıyıq (gülür).