Futbol üzrə Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə qərar bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçirdiyi ikinci iclasda verilib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenkonun iştirak etdiyi videoiclasda aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:
1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kubokunun oyunları bərpa olunsun;
2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə COVID-19 testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;
3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;
4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra mövcud təlimatlara uyğun hərəkət edəcək;
5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.
Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında operativ qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.
Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.